Peşə tanınması imtahanında "İbtidai sinif müəllimliyi" ixtisası üzrə namizədlərin 83%-i uğursuz nəticə göstərib.
"Report" verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov 2025-ci ilin yekununa dair keçirilən brifinqdə deyib.
O bildirib ki, həmin ixtisas üzrə 6 nəfərdən 5-i uğursuz nəticə göstərib, yalnız 1 müraciətçi uğurlu nəticə əldə edib:
"Uğursuz nəticələrin əsas hissəsi Rusiya Federasiyası və Gürcüstanın ali təhsil müəssisələrinin (ATM) məzunlarının payına düşür. Sözügedən ixtisas üzrə peşə tanınması imtahanında uğursuz nəticə göstərən müraciətçilər kvalifikasiyalarını Rusiya Federasiyası üzrə Moskva Dövlət Pedaqoji Universiteti, Moskva Şəhər Pedaqoji Universiteti, Dağıstan Dövlət Pedaqoji Universiteti; Gürcüstan üzrə isə İlia Dövlət Universiteti və Gürcüstan Texniki Universitetindən əldə edib. Keçid balını toplayaraq uğurlu nəticə göstərmiş 1 müraciətçi kvalifikasiyasını Türkiyə Respublikasının Bursa Uludağ Universitetindən əldə edib".
Sədr əlavə edib ki, "Hüquqşünaslıq" ixtisası üzrə təşkil edilən peşə imtahanında iştirak edən 75 nəfərdən yalnız 37-si təqdim olunan 30 sualdan yarısına və ya daha çoxuna cavab verərək TKTA tərəfindən kvalifikasiyaların tam (akademik və peşə) tanınması üzrə şəhadətnamələrini əldə edib.
O bildirib ki, bu ixtisas üzrə uğursuz nəticə göstərənlər əsasən Rusiya Federasiyası və Ukrayna ali təhsil müəssisələrinin payına düşür.