IMG-LOGO

İtaliyalı məzuna Azərbaycan HDQ komandanı adından "Dənizçi kortiki" hədiyyə olunub

25 Dec 2025 17:55 5 baxış
IMG

İtaliya Hərbi Dəniz Akademiyasının məzununa Azərbaycan Hərbi Dəniz Qüvvələri (HDQ) komandanı adından "Dənizçi kortiki" hədiyyə olunub.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Bilidirilib ki, "Azərbaycanın müdafiə naziri ilə İtaliyanın müdafiə naziri arasında Hərbi Dəniz Qüvvələrinin şəxsi heyətinin təlim və təhsili sahəsində əməkdaşlıq haqqında Niyyət Protokolu"na uyğun olaraq, hər iki ölkənin xüsusi təyinatlı hərbi təhsil müəssisələrində fərqlənən məzunlara HDQ komandanlığı adından xatirə hədiyyələri təqdim edilir.

Bu çərçivədə Azərbaycanın İtaliyadakı Hərbi Attaşelik aparatının nümayəndəsi İtaliyanın Livorno Hərbi Dəniz Akademiyasını fərqlənmə ilə bitirən leytenant Guglielmo De Simoneyə Azərbaycan HDQ komandanı adından imzalanmış sertifikatla birlikdə "Dənizçi kortiki"ni təqdim edib.

Niyyət Protokolunun müddəalarına əsasən, Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutun HDQ fakültəsini fərqlənmə ilə bitirən bir zabitə isə İtaliyanın Azərbaycandakı Hərbi Attaşesi tərəfindən İtaliya HDQ-nin Baş Qərargah rəisi adından imzalanmış sertifikatla birlikdə "Tələbələrin şərəf qılıncı" hədiyyə edilir.

İtaliyalı məzuna Azərbaycan HDQ komandanı adından "Dənizçi kortiki" hədiyyə olunub

Xəbər lenti