Dövlət və din arasında qarşılıqlı əlaqənin Azərbaycan modeli dünyəvi yanaşmanın səmərəliliyini nümayiş etdirir.
"Report"un məlumatına görə, bunu Özbəkistan Prezidentinin müşavirinin müavini, Özbəkistan Beynəlxalq İslam Akademiyasının rektoru Müzəffər Kamilov Bakıda keçirilən Din Xadimlərinin II Forumunda bildirib.
Onun sözlərinə görə, qloballaşma, informasiya məkanının genişlənməsi, miqrasiya proseslərinin güclənməsi, dinin siyasiləşdirilməsi şəraitində dövlət-din münasibətlərinin təmin edilməsi, sosial sabitlik və milli təhlükəsizliyin əsas amillərindən birinə çevrilir.
"Bu baxımdan Azərbaycanın təcrübəsi xüsusi diqqətə layiqdir. Dünyəvi dövlət prinsiplərinə sadiq qalaraq, Azərbaycan ardıcıl və səmərəli şəkildə dini tolerantlığı və vicdan azadlığını təmin edir. Bu model dövlətin bütün konfessiyalara qarşı bərabər, qərəzsiz və ədalətli münasibətini təcəssüm etdirir, cəmiyyətdə dini həmrəyliyin, qarşılıqlı hörmətin və sosial sabitliyin möhkəmlənməsinə xidmət edir", - M.Kamilov qeyd edib.
O, həmçinin vurğulayıb ki, Azərbaycan cəmiyyətində dinlərarası razılaşma mühitinin formalaşdırılmasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin xidmətləri böyükdür.
Azərbaycan-Özbəkistan münasibətlərinə toxunan M.Kamilov, iki ölkənin xalqlarını ümumi tarixi köklər, türk mədəni məkanı və zəngin mənəvi irsin birləşdirdiyini qeyd edib.
Bundan əlavə, Özbəkistan rəsmisi forumun keçirilməsini alqışlayıb: "Forum müasir cəmiyyətin inkişafı baxımından son dərəcə aktualdır. Belə forumlar dövlətlər arasında qarşılıqlı etimadın möhkəmlənməsinə, ümumi problemlərin birgə həllinə və dayanıqlı inkişafa xidmət edir. Əminəm ki, bu forumun nəticələri beynəlxalq elmi-praktik əməkdaşlığın yeni səviyyədə inkişafı üçün mühüm alətə çevriləcək".