"Kəndimizi tərk edəndə 32 yaşım olub. Onda uşaqlarımız çox balaca idi, özümüz də gənc yaşlarında olmuşuq. Hazırda 60-dan çox yaşımız var və kəndimizə geri dönürük. Amma sanki gənclik illərinin ab-havası ilə qayıdırıq Horovlu kəndinə".
Bu fikirləri "Report"a bu gün Cəbrayıl rayonu Horovlu kəndinə qayıdan keçmiş məcburi köçkün Quliyevə Taybət deyib.
"İllərlə yurd həsrəti ilə yaşadım. İndi isə doğma yurda qayıdıram. Bir vaxtlar bu günlərin arzusu ilə yaşamışıq, artıq həmin arzular da reallıqdır. Öz doğma torpağımızda daha gözəl ömür sürəcəyik. Bu, ürəyimizdə daşıdığımız həsrətin bitməsidir", - deyə Horovlu sakini əlavə edib.
Keçmiş məcburi köçkün, həmçinin Ali Baş Komandan, Prezident İlham Əliyevə təşəkkür edib, şəhidlərə rəhmət diləyib, qazilərimizə cansağlığı arzulayıb.