IMG-LOGO

Türkiyə ilə Suriyanın 31 dekabr hazırlığı – Ankara və Dəməşqin yeni planı - ŞƏRH

23 Dec 2025 16:44 6 baxış
IMG

Ötən gün Türkiyə rəsmiləri Suriyaya işgüzar səfər ediblər.

Xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər və Milli Kəşfiyyat İdarəsinin (MİT) başçısı İbrahim Kalın Suriyanın paytaxtı Dəməşqdə ölkə Prezidenti Əhməd əş-Şaraa və başqa rəsmilərlə görüşüblər.

Türkiyəli qonaqlar görüşlərdə Bəşşar Əsəd rejiminin devriləndən sonrakı bir il müddət ərzində Suriyadakı siyasi, iqtisadi və təhlükəsizlik məsələlərini, iki ölkə arasında əlaqələrin son birillik gedişatı detallı şəkildə müzakirə ediblər. Rəsmi Ankaranı yaxından maraqlandıran əsas məsələlərdən biri də 2025-ci il martın 10-da Suriya hakimiyyəti ilə PKK terror qruplaşmasının bu ölkədəki qolları YPG/PYD-nin təsis etdiyi "SDQ" ("Suriya Demokratik Qüvvələri") arasında imzalanmış sazişin icra vəziyyəti də qiymətləndirilib.

Səfər çərçivəsində İsrailin hücumları səbəbindən Suriyanın cənubunda yaranmış təhlükəsizlik məsələləri də müzakirə olunub.

Ankara ilə Dəməşq ortaq mübarizəsi kontekstində Suriya ərazisində yarana biləcək zəiflikdən istifadə etməyə çalışan İŞİD terror qruplaşmasının yenidən canlanmasının qarşısının alınmasına yönəlmiş əməkdaşlıqdan da bəhs edilib.

Yeri gəlmişkən, yaranmış boşluqlardan istifadə edərək İŞİD qruplaşması Suriyada ABŞ və hökumət hərbçilərinə, təhlükəsizlik qüvvələrinə hücum edib. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, dekabrın 13-də Palmiradakı hücum nəticəsində iki əsgər və bir mülki tərcüməçi ölüb. Habelə, ABŞ-nin üç və Suriyanın iki əsgəri də yaralanıb.

Bildirilib ki, hücumdan əvvəl ABŞ-yə xəbərdarlıq edilib, ancaq qarşı tərəf buna məhəl qoymayıb. CENTCOM-un sosial media üzərindən yazılı açıqlamasında hücumun, çox güman ki, İŞİD terrorçuları tərəfindən edildiyi qeyd olunub. Qruplaşma hücuma görə məsuliyyəti hələ üzərinə götürməyib.

Bunun ardınca ABŞ Suriyadakı qüvvələrinə qarşı hücuma cavab olaraq İŞİD-ə qarşı "böyük bir hava hücumu" həyata keçirdiyini açıqlayıb. Məlumata görə, döyüş təyyarələri, hücum helikopterləri və topçu birlikləri Suriyanın mərkəzi hissələrində müxtəlif nöqtələrdə qruplaşmanın 70-dən çox hədəfini vurduğunu açıqlayıb.

CENTCOM-un komandanı admiral Brad Cooper bildirib ki, bölgə boyunca amerikalılara və ABŞ-nin tərəfdaşlarına zərər verməyi hədəfləyən terrorçulara qarşı mübarizə aparacaqlar.

İŞİD ictimaiyyətə açıqlama verməyib.

Bunla Türkiyə rəsmilərinin Suriyaya səfərindən öncə baş verən hadisələrdir.

Bəhs etdiyimiz ziyarətdən əvvəl İŞİD-lə "SDQ"-nin əməkdaşlıq etdiyinə dair xəbərlər də yayılmışdı. Qeyd edək ki, hələ Bəşşar Əsəd rejiminin Suriyaya başçılıq etdiyi dövrdə bu terror qruplaşmasının PKK və onun ölkədəki qolları ilə Türkiyəyə qarşı əməkdaşlıq etdiyinə dair də məlumatlar yayılırdı.

Odur ki, bu kimi hadisələr rəsmi Ankara təmsilçilərinin səfərinin önəmini artırır.

Görüşdə təhlükəsizlik məsələləri ilə yanaşı, Suriyanın yenidən qurulması üçün ikitərəfli səviyyədə aparılan layihələr müzakirə edilib, hökumətin potensialının artırılması səylərinə dəstək vermək üçün görülən işlər də dəyərləndirilib.

Türkiyə Suriyada 15 il davam etmiş daxili qarşıdurmalar zaman birmənalı şəkildə Bəşşar Əsəd rejiminə, İŞİD, PKK və başqa terror qruplaşmalarına qarşı çıxış edib. Bu ölkənin ərazi bütövlüyü və suverenliyini dəstəkləyib. İki dövlət arasında sərhəddə antiterror bufer zonasının yaradılması, 3 milyon suriyalı qaçqının qəbul edilməsi, ölkədə yerləşdirilməsi kimi fəaliyyətləri buna örnək göstərmək olar.

Əhməd əş-Şaraa hakimiyyətə gəldikdən sonra bu respublikada sabitlik, təhlükəsizliyin reallaşması istiqamətində rəsmi Ankara lazımi səyi göstərir.

Hakan Fidan Əsəd rejimi devriləndən sonra 2024-cü il dekabrın 22-də ilk olaraq Suriyaya səfər etmişdi. Bu səfər yeni hakimiyyət üçün ən böyük siyasi, iqtisadi, mənəvi, humanitar, diplomatik yardım, dəstək idi. H.Fidan, Y.Gülər və İ.Kalın bu il martın 13-də də birlikdə Suriyaya işgüzar səfər etmişdi. Bu, rəsmi Dəməşqlə "SDQ" arasında imzalanan inteqrasiya sazişindən üç gün sonra olub.

Odur ki, bu ziyarətlər Türkiyənin Suriyaya münasibətinin göstəricisi sayılır.

Hakan Fidan dünənki səfərlə bağlı mətbuat konfransı keçirib. Nazir Suriyada sabitliyə və təhlükəsizliyə Türkiyənin verdiyi əhəmiyyətdən danışıb: "Suriyanın sabitliyi Türkiyənin sabitliyi deməkdir. Bu, Türkiyə üçün son dərəcə vacib məsələdir". O bunun üçün hər zaman əməkdaşlıq etməyə, əllərindən gələni əsirgəməməyə hazır olduqlarını bildirib. Nazir PKK/YPG-PYD terror qruplaşmasının "SDQ" adından yararlandığını vurğulayaraq bildirib ki, bu qüvvənin İsraillə əlaqələri rəsmi Dəməşqlə dialoqun davam etməsinə maneədir.

Fidan ABŞ Prezidenti Donald Trampa "Sezar aktı"nı ("Sezar qanunu") ləğv etdiyi üçün təşəkkürünü çatdırıb.

Bu qanun 2019-cu ildə Suriya mülki əhalisinin müdafiəsi haqqındadır. "Sezar qanunu" ABŞ-nin keçmiş Suriya hökumətinə, o cümlədən keçmiş prezident Bəşşar Əsədə qarşı ölkə əhalisinə qarşı hərbi cinayətlərə görə sanksiyaları nəzərdə tutan aktdır.

O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyada sabitlik və təhlükəsizliyə xüsusilə həssas olduğunu bildirib.

Nazir Ankaranın Suriya ilə İsrail arasındakı danışıqların aparılacağını gözlədiyini, bunun respublikanın və bölgənin sabitliyi üçün əhəmiyyətini vurğulayıb.

XİN başçısı "SDQ"nin "dialoq və barışıq yolu ilə" inteqrasiyasını, Suriyanın sabitliyinə, bütövlüyünə və rifahına maneə olmaqdan imtina etməsinin vacibliyinə diqqət çəkib.

Deməli, səfərin əsas məqsədi yeni hakimiyyətin bir ildə gördüyü işlərin yekunu, problemlərin aradan qaldırılması yollarının müzakirəsi olub.

Dekabrın 31-də "SDQ" adı altında fəaliyyət göstərən PKK-ya inteqrasiya ilə bağlı verilən möhlət başa çatır. Bu qruplaşma müxtəlif bəhanələrlə Suriya hökumətinə silahı təhvil vermək, fərdi olaraq güc strukturlarına birləşməkdən boyun qaçırır. Bununla da 2025-ci il martın 10-da imzalanmış 8 maddəlik sazişin prinsiplərinə qarşı çıxır. Bu azmış kimi, Suriyanın şimalındakı Hələbdə Razi körpüsünü hədəf almaqla yanaşı, şəhərinin Əşrəfiyyə, Şeyx Mansur, Cumailiyyə və əs-Sirian məhəllələrini də genişmiqyaslı atəşə tutub. "SDQ"nin bu hücumu nəticəsində iki yerli dinc sakin ölüb, 13 nəfər isə yaralanıb. Ərazidəki binalara xeyli ziyan dəyib.

Suriyanın hökumət gücləri PKK-çıların hücumuna cavab verib. Qarşılıqlı atışmadan sonra Suriya ordusu əməliyyatı dayandırıb.

"SDQ" ilə PKK-nın eynimahiyyətli olduğu istisna edilmir. Martın 10-da sonra "SDQ"çilər PKK-dan heç nə ilə fərqlənmədiklərini, sadəcə adı dəyişdirildiyini nümayiş etdiriblər. Çünki PKK Türkiyədə özünü buraxdığını elan etsə də, tərk-silah olub cəmiyyətə inteqrasiyaya bütövlükdə əməl etmir.

Bir müddət sonra bu qruplaşma Türkiyəni tərk etdiyini bildirdi. Bunun ardınca rəsmi Ankaraya qarşı qruplaşmanın liderinin azadlığa buraxılması tələbi gündəliyə gətirildi.

"SDQ"nin Suriyada inteqrasiyadan de-fakto imtinası PKK-nın Türkiyədə tərk-silahdan və cəmiyyətə qoşulmaqdan imtinası ilə eynidir. Görünür, PKK silahlıları Türkiyədən Suriya və İraqa köçərək qruplaşmanın oradakı qüvvələrini gücləndirmək tapşırığını yerinə yetirirlər.

Belə ehtimal etmək olar ki, onlar bununla qonşu ölkələrin ərazisindən Türkiyənin ərazi bütövlüyü, təhlükəsizliyi və suverenliyini təhdid etmək taktikasını seçiblər. Ona görə də hesab etmək olar ki, buna qarşılıq vermək məqsədilə Ankara qruplaşmanı Suriyanın içərilərində rəsmi güc strukturları ilə birlikdə neytrallaşdırmaq, yaxud tərk-silah etmək variantını da nəzərdən keçirir. Türkiyənin hədəfi "Terrorsuz Türkiyə"dir.

Türkiyədə sabitliyin və təhlükəsizliyin təmin olunması regionda sülh, əməkdaşlıq, əmin-amanlıq sayılır. Türkiyənin NATO-nun üzvü, Yaxın Şərq bölgəsinin əsas aktorlarından biri, Türk Dövlətləri Təşkilatının aparıcı üzvü olması və başqa bu kimi göstəricilər bunu şərtləndirir.

Türkiyə rəsmiləri terrorçuların "yuvalarını başlarına yıxacağıq" deyirlər. Bu baxımdan, Suriyanı onların sonuncu yuvası saymaq olar. Ona görə də dekabrın 31-ni yeni hadisələrin başlama tarixi də saymaq olar. Odur ki, rəsmi Ankara təmsilçilərinin Dəməşq ziyarəti Türkiyə ilə Suriyanın regionda yeniliyə hazırlığı kimi də dəyərləndirilə bilər.

Xəbər lenti