IMG-LOGO

Şöbə müdiri: "Rəqəmsal məktəb" öyrənmə, ünsiyyət və əməkdaşlıq üçün müasir platformadır

22 Dec 2025 15:45 2 baxış
IMG

Bir müddətdir istifadəyə verilən "Rəqəmsal məktəb" öyrənmə, ünsiyyət və əməkdaşlıq üçün müasir platformadır.

"Report" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Uşaq inkişafı və rifahı şöbəsinin müdiri İlahə Rəsulova "Rəqəmsal məktəb" platformasında yayımlanan "Valideynlər üçün məmnuniyyət sorğusu" ilə bağlı mediaya müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu platformadan müəllimlər, məktəb direktorları, valideynlər və şagirdlər istifadə edirlər:

"Valideynlərin tədris və tərbiyə prosesində fəal iştirakı şagirdlərin öyrənmə motivasiyasını və məsuliyyət hissini artırır. Valideynlər bu portala daxil olaraq övladlarının qiymətləri ilə tanış ola, məktəb rəhbərliyi ilə birbaşa ünsiyyət qura bilərlər".

Şöbə müdiri qeyd edib ki, platformada "Valideyn məmnuniyyəti" adlı xüsusi bir bölmə yerləşdirilib:

"Bu bölmədə əsasən üç başlıq altında ümumilikdə 25-ə yaxın sual yer alır. Suallar valideyn-məktəb əməkdaşlığı, məktəb mühiti və infrastrukturu, eləcə də şagird intizam qaydaları ilə bağlı mövzuları əhatə edir. Hazırda bu platforma əsasən Bakı şəhəri üzrə məktəblərdə tətbiq olunur. Lakin bizim üçün respublikanın digər bölgələrində yaşayan valideynlərin də məktəblərlə bağlı fikirləri və məmnuniyyəti çox önəmlidir. Buna görə də rayonlarda bu sorğular hələ ki kağız formatında toplanır. Toplanmış məlumatlar təhlil edildikdən sonra həm Rəqəmsal Məktəb platformasında, həm də kağız üzərində cavablandırılmış sorğular əsasında məktəblərdə ehtiyac duyulan sahələr müəyyən ediləcək və bu istiqamətdə məktəb seminarlarının təşkili planlaşdırılır".

Xəbər lenti