Ukrayna Ali Radası hərbi vəziyyət şəraitində mümkün prezident seçkilərinin hazırlanması üçün işçi qrupu yaradır.
"Report"un məlumatına görə, bu barədə "Xalqın xidmətçisi" fraksiyasının rəhbəri David Araxamiya öz teleqram kanalında bildirib.
"İlkin razılaşmaya əsasən, hərbi vəziyyət şəraitində mümkün prezident seçkilərinin keçirilməsi məsələsinin operativ müzakirəsi üçün Ukrayna Ali Radasında işçi qrupu formalaşdırılır", - o yazıb.
Qrupun işində parlamentin bütün fraksiya və deputat qruplarının, Mərkəzi Seçki Komissiyasının, həmçinin seçki məsələləri ilə məşğul olan ictimai təşkilatların nümayəndələri iştirak edəcək.
D.Araxamiya vurğulayıb ki, işçi qrupun iclasının tarix və vaxtı bildiriləcək.