IMG-LOGO

Azərbaycan taekvondoçuları 2025-ci ildə beynəlxalq yarışlarda 156 medal qazanıblar

22 Dec 2025 14:53 3 baxış
IMG

Azərbaycan taekvondoçuları 2025-ci ildə beynəlxalq yarışlarda 156 medal qazanıblar.

Bu barədə "Report" Azərbaycan Taekvondo Federasiyasının (ATF) vitse-prezidenti Hikmət Səmədov açıqlamasında məlumat verib.

ATF rəsmisi medallardan 53-nün qızıl, 30-nun gümüş, 73-nün bürünc əyarlı olduğunu bildirib.

"Uşaqlar, yeniyetmələr və gənclər arasında əldə olunan uğurlar ölkəmizdə taekvondonun davamlı inkişafını və bu idman növünə marağın artmasını nümayiş etdirir. Bu il taekvondoçularımız bir sıra mötəbər yarışlarda uğurla çıxış ediblər. Bütün yaş qrupları üzrə milli komandalarımız Avropa və dünya çempionatları, birincilikləri, eləcə də beynəlxalq turnirlərdə ölkəmizi uğurla təmsil edərək medallar qazanıblar. Yeniyetmə idmançılarımız Serbiyada keçirilən ISF U-15 Gimnaziada İdman Oyunlarında 13 qızıl, 3 gümüş və 3 bürünc medal əldə ediblər. Ölkəmizdə keçirilən III MDB Oyunlarında yığma üzvləri 4 qızıl, 2 gümüş və 16 bürünc medal qazanıblar. Qeyd edim ki, məhz bu yarışlarda ilk qızıl medal taekvondo üzrə qazanılıb. Eyni zamanda, Avropa birinciliklərində kiçik yeniyetmələr, yeniyetmələr və gənclərdən ibarət komandamız uğurla çıxış edib. Taekvondoçularımız Yunanıstanın paytaxtı Afinada yeniyetmələr arasında keçirilən Avropa birinciliyində 1 gümüş, 1 bürünc, kiçik yeniyetmələr arasında keçirilən qitə birinciliyində isə 5 qızıl, 5 gümüş, 5 bürünc medalla ümumi hesabda birinci pillədə qərarlaşıb. İsveçrənin Eql şəhərində gənclər arasında keçirilən Avropa birinciliyində Azərbaycan millisinin üzvləri 2 qızıl, 1 gümüş, 2 bürünc medalla ümumi komanda hesabında oğlanlar arasında birinci yeri tutaraq kuboka layiq görülüb. Yeniyetmələr arasında keçirilən dünya birinciliyində və XVIII Avropa Gənclər Olimpiya Festivalında təmsilçilərimiz bürünc medallara sahib çıxıblar. Böyüklər arasında keçirilən dünya çempionatında milli komandanın üzvü, Olimpiya Oyunlarının gümüş mükafatçısı və Avropa çempionu Qaşım Maqomedov bürünc medala yiyələnib. Bu ilin əsas yarışlarından olan VI İslam Həmrəyliyi Oyunlarında Minayə Əkbərova gümüş, Qaşım Maqomedov isə bürünc medal qazanıb".

Vitse-prezident qarşıdakı illərdəki strateji hədəflərdən də söz açıb:

"Əsas məqsədimiz Azərbaycan taekvondosunun dünyada daha da güclü mövqeyə sahib olmasına çalışmaqdır. Hədəfimiz bu idman növündə kütləviliyin artırılması, nailiyyətlərimizin yüksəldilməsidir. Əlbəttə, buna görə də kiçik yaş qrupları arasında bu növün inkişafına xüsusi diqqət yetirilir. Yüksək texniki göstəricilərə malik idmançıların aşkar olunaraq milli komandalara cəlb olunması, onların nəzarətdə saxlanılması, regionlarda taekvondonun inkişafı, məşqçi-müəllimlərin peşəkarlığının artırılması federasiyanın əsas strateji məqsədləri sırasındadır. Bütün bu fəaliyyətlərin məqsədi taekvondonun hərtərəfli inkişafını təmin etmək və Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil etməkdir".

O, bu il ilk dəfə deflimpiya üzrə yığmanın formalaşdırıldığını və komandaya məşqçilər təyin olunduğunu diqqətə çatdırıb:

"Təmsilçilərimiz XXV Yay Deflimpiya Oyunlarında iştirak ediblər. Taekvondonun döyüş növü ilə yanaşı, pumse növü də paralel olaraq inkişaf etdirilir. Uzun fasilədən sonra bu il pumse üzrə ölkə çempionatı yenidən keçirilib. ISF U-15 Gimnaziada İdman Oyunlarında məhz pumse üzrə 3 qızıl medal qazanılıb. Bununla yanaşı, 2023-cü ildən etibarən taekvondo üzrə milli nümunəvi çıxış komandası (Demo team) yaradılıb ki, onlar da həm yerli, həm beynəlxalq yarışlarda fəal iştirak edirlər. İdmançılarımızla yanaşı, hakimlərimizin gücləndirilməsi istiqamətində də işlər davam etdirilir. Qadın və kişi hakimlər ölkəmizi layiqincə təmsil edirlər. Onlar üçün mütəmadi olaraq seminarlar təşkil edilir, beynəlxalq dərəcəli hakimlərimiz ustalıq səviyyələrinin artırılması üçün yenilənmə kurslarında iştirak edirlər. Sevindirici haldır ki, bu il İsveçrənin Eql şəhərində gənclər arasında keçirilən Avropa birinciliyində və 52-ci açıq Niderland çempionatında beynəlxalq dərəcəli referi Aygül Abdullayeva yarışın ən yaxşı qadın hakimi adına layiq görülüb. Qazaxıstan açıq çempionatında ölkəmizi təmsil edən Seymur Məmmədov kişilər arasında yarışın ən yaxşı hakimi adına layiq görülüb. Bununla yanaşı, Türkiyənin açıq çempionatında beynəlxalq dərəcəli hakim Ramal Camalov da yarışın ən yaxşı referisi seçilib".

Xəbər lenti