Milad və Yeni il tətilləri ərəfəsində Fransa jandarmeriyası ixtisaslaşmış ilbiz və istiridyə fermalarını qorumaq üçün həmin ərazilərə əlavə qüvvələr yerləşdirir.
"Report" xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.
Təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə səbəb, ənənəvi olaraq bu məhsullara tələbatın artdığı bayramqabağı dövrdə oğurluq riskinin artmasıdır.
Telekanalın məlumatına görə, artıq bir sıra təsərrüfatlar cinayətkarların əməllərindən zərər çəkib. Beləliklə, noyabr ayının sonunda Gyö kommunasında (Marna departamenti) yeməli ilbiz fermasının sahibi təxminən 90.000 avro dəyərində dondurulmuş və təzə ilbizlərinin bütün ehtiyatının oğurlandığını bildirib.
Dekabrın 11-dən 12-nə keçən gecə Vyan kommunasında (İzer departamenti) bir anbar qarət edilib. Oradan isə 250 kq ördək sinəsi, ördək və ya qazların yağlı qaraciyərindən hazırlanmış fua-qra oğurlanıb.
Jandarma sözçüsü, podpolkovnik Ervan Kuffard bildirib ki, ehtiyatda olan hərbçilərin səfərbər edilməsi də daxil olmaqla, bütün əraziyə qüvvələr yerləşdirilib: "Bəzi vacib məhsullar təhlükə altında olduğundan hazırda sayıqlığımızı ikiqat artırırıq".
O, potensial olaraq həssas fermaların yaxınlığında atlı və motosikletli jandarmların iştirakı ilə patrul xidmətlərinin təşkil olunduğunu aydınlaşdırıb. Hərbi Dəniz Qüvvələrinin Jandarmeriya qayıqlarına da istiridyə fermalarını izləmək tapşırılıb. Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının görünən iştirakı cinayətkarlar üçün çəkindirici amil olmalıdır.