IMG-LOGO

Argentinanın keçmiş prezidenti xəstəxanaya yerləşdirilib

21 Dec 2025 06:17 5 baxış
IMG

Argentinanın ev dustaqlığında olan keçmiş prezidenti Kristina Fernandes de Kirşner qarın nahiyəsində ağrı ilə xəstəxanaya aparılıb.

"Report"un xəbərinə görə, bu barədə "La Nacion" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin məlumatına görə, çağırışa gələn həkimlər keçmiş dövlət başçısını korrupsiyaya görə cəzasını çəkdiyi mənzildə müayinə ediblər və onu xəstəxanaya yerləşdirmək qərarına gəliblər. Fernandes de Kirşnerə xəstəxanada appendisit diaqnozu qoyulub. O, əməliyyat olunub.

Fernandes de Kirşner 2007-ci ilin dekabrından 2015-ci ilin dekabrına qədər Argentinanın Prezidenti olub. O, 2019-cu ildən 2023-cü ilə qədər vitse-prezident vəzifəsində çalışıb.

2022-ci ilin dekabrında məhkəmə onu Santa Kruz əyalətindəki infrastruktur layihələri ilə bağlı korrupsiyaya görə altı il müddətinə azadlıqdan məhrum edib.

İttiham tərəfi hesab edir ki, cinayət sövdələşməsi nəticəsində müqavilələrin əksəriyyəti çirkli pulların yuyulmasında məhkum olunmuş iş adamı Lasaro Baesə məxsus şirkətlərə verilib. Keçmiş dövlət başçısı təqsirini inkar edir və özünü siyasi təqiblərin qurbanı sayır.

Xəbər lenti