Qəzzada sülhün təmin olunmasının birinci mərhələsi artıq nəzərəçarpacaq nəticələr verib.
"Report"un məlumatına görə, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Mayamidə Türkiyə, Qətər və Misir nümayəndələri ilə keçirilən görüşdən sonra "X"də yazıb.
"Birinci mərhələdə irəliləyiş var. Buraya humanitar yardımın genişləndirilməsi, girovların meyitlərinin qaytarılması, qoşunların qismən çıxarılması və döyüşlərin intensivliyinin azalması daxildir", - paylaşımda qeyd olunub.
Onun sözlərinə görə, ikinci mərhələ müzakirə edilərkən tərəflər Qəzzada vahid idarəedici orqanın yaradılmasının zəruriliyini vurğulayıblar. Bu orqan mülki əhalinin qorunması və ictimai asayişin təmin olunması üçün nəzərdə tutulur.
"Biz həmçinin regional inteqrasiya tədbirlərini müzakirə etdik. Buraya ticarətin sadələşdirilməsi, infrastrukturun inkişafı, enerji, su və digər ümumi resurslar sahəsində əməkdaşlıq daxildir. Bunlar Qəzzanın bərpası, regional sabitlik və uzunmüddətli rifah üçün vacib elementlərdir. Bu kontekstdə biz vətəndaşların müdafiəsi, bərpa və təhlükəsizliyi təmin etmək üçün keçid administrasiyası qismində Sülh Şurasının tezliklə yaradılmasına və fəaliyyətə başlamasına dəstək verdik", - Uitkoff qeyd edib.
O, tərəfdaşların 20 bəndlik sülh planına tam sadiqliyini vurğulayıb, bütün tərəfləri öhdəliklərinə əməl etməyə, təmkinli olmağa və bölgədə sülhün qorunması üçün əməkdaşlığa çağırıb.
Xüsusi nümayəndənin sözlərinə görə, ikinci mərhələnin həyata keçirilməsini irəlilətmək üçün məsləhətləşmələr yaxın həftələrdə davam etdiriləcək.