Noyabrda Rusiya neftinin Çinə tədarükü oktyabrla müqayisədə 5,6 % azalaraq gündə 2,03 milyon barel təşkil edib.
"Report" xəbər verir ki, bu barədə "İnterfaks" Çin Xalq Respublikasının Baş Gömrük İdarəsinə istinadən məlumat yayıb.
Ötən ilin noyabr ayı ilə müqayisədə Rusiyadan tədarük 3,4 % azalıb. Mütləq ifadədə Rusiyadan neft ixracı 8,35 milyon ton (3,78 milyard dollar dəyərində) təşkil edib, oktyabrda bu rəqəm 9,11 milyon ton, 2024-cü ilin noyabrında isə 8,64 milyon ton olub.
On bir ayın nəticələrinə görə, Rusiya Çinə neftin əsas tədarükçüsü olaraq qalır - 91,5 milyon ton (azalma 7,6 %). Siyahıda sonrakı yerlərdə Səudiyyə Ərəbistanı 74,1 milyon ton (artım 2,5 %), Malayziya 60,3 milyon ton (azalma 5,1 %), İraq 58,8 milyon ton (azalma 0,6 %) və Braziliya 41,7 milyon ton (artım 21,6 %) gəlir.
Daha əvvəl "Bloomberg" Çinin ABŞ-nin təzyiqi səbəbindən Rusiyadan neft alışını azaltdığını bildirib. Qeyd olunurdu ki, həm dövlətə məxsus, həm də özəl neft emalı zavodları sanksiya riskləri səbəbindən Rusiya neftinin alışını azaldıblar.