IMG-LOGO

Orban: Aİ sülhməramlılarının Ukraynaya göndərilməsi Rusiya ilə müharibəyə gətirib çıxaracaq

20 Dec 2025 20:06 4 baxış
IMG

Qərbin Ukraynaya sülhməramlı qüvvələr göndərmək ideyası, həmçinin Rusiya aktivlərinin müsadirəsi və Ukraynaya dəymiş ziyanın ödənilməsi ilə bağlı təkliflər Avropa və Rusiya arasında müharibəyə səbəb ola bilər.

"Report"un məlumatına görə, bunu Macarıstanın Baş naziri Viktor Orban Seqed şəhərində hakim "FİDES – Macar Vətəndaş İttifaqı" Partiyasının fəalları ilə görüşdə sualları cavablandırarkən deyib. Görüş M1 telekanalı ilə yayımlanıb.

"Almanlar Ukraynaya sülhməramlı qüvvələr göndərməyi düşünürlər. Bəs onlar Rusiya ordusunun atəşinə tuş gəlsələr və cavab atəşi açsalar, nə olacaq? Bu, müharibə adlanır", - hökumət başçısı bildirib.

O hesab edir ki, bir sıra Aİ ölkələrinin liderlərinin riskli çağırışlarına son dərəcə ciddi yanaşmaq lazımdır. "Biz müharibə həddindəyik", - Orban vurğulayıb.

Baş nazir Avropa Komissiyasının dondurulmuş aktivlərdən istifadə təklifini, həmçinin Rusiyanın Ukraynaya vurduğu ziyana görə reparasiya ödəməsi ideyasını da eyni dərəcədə təhlükəli adlandırıb.

Bu kontekstdə o qeyd edib ki, müharibə bitdikdən sonra pul mühüm rol oynayır. "Siz qarşı tərəfə deyə bilərsiniz ki, o müharibəni uduzub və uduzan tərəf reparasiya ödəməlidir. Birinci və İkinci Dünya müharibələrindən sonra məhz belə olmuşdu. Amma bunu müharibə zamanı edə bilməzsiniz, çünki bu, sizin də müharibəyə qoşulduğunuz anlamına gəlir. O halda isə sadəcə zaman məsələsi olacaq ki, sizin əsgərləriniz də döyüşməyə başlasın", - Macarıstanın hökumət başçısı fikirlərini yekunlaşdırıb.

Xəbər lenti