IMG-LOGO

Məhkəmə-Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

20 Dec 2025 15:23 4 baxış
IMG

Məhkəmə-Hüquq Şurasının üzvü, Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərovun rəhbərlik etdiyi nümayəndə heyəti Albaniyanın Tirana şəhərində təşkil olunmuş təcrübə səfərində iştirak edib.

"Report" xəbər verir ki, məqsəd Albaniya Ali Məhkəmə Şurasının fəaliyyət istiqamətləri, təşkili və məhkəmə idarəetməsi sahəsində tətbiq olunan praktika ilə yaxından tanış olmaq, habelə qarşılıqlı maraq doğuran məsələlər üzrə bilik və qabaqcıl təcrübə mübadiləsini həyata keçirmək olub.

Səfər proqramı çərçivəsində Albaniya Ali Məhkəmə Şurasının sədri və üzvləri ilə keçirilən görüş zamanı Albaniyada məhkəmə sisteminin təşkilati quruluşu, məhkəmə idarəetməsi, habelə elektron məhkəmə sisteminin tətbiqi istiqamətində həyata keçirilən islahatlar və qabaqcıl təcrübələr barədə nümayəndə heyətinə ətraflı məlumat verilib, bu sahələr üzrə geniş və məhsuldar fikir mübadiləsi aparılıb.

Nümayəndə heyəti həmçinin Korrupsiya və Mütəşəkkil Cinayətkarlıq üzrə İxtisaslaşmış birinci instansiya və apellyasiya instansiyası məhkəmələrində, Tirana İnzibati Məhkəməsində, İnzibati Apellyasiya Məhkəməsində, Tirana Ümumi Yurisdiksiya üzrə Şəhər Məhkəməsində və Tirana Ümumi Yurisdiksiya üzrə Apellyasiya Məhkəməsində olub.

Xəbər lenti