IMG-LOGO

Özbəkistan nümayəndə heyəti Şuşa şəhəri ilə tanış olub

18 Dec 2025 17:29 4 baxış
IMG

Azərbaycanda keçirilən Özbəkistan Mədəniyyəti Günləri çərçivəsində qardaş ölkənin nümayəndə heyəti Şuşa şəhərində olub.

Bu barədə "Report"a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Şuşanın tarixi, Azərbaycanın mədəniyyət və ədəbiyyatına bəxş etdiyi şəxsiyyətlər, Ermənistanın işğalı altında olduğu müddətdə şəhərin tarixi-mədəni irsinə qarşı həyata keçirilən vandalizm barədə qonaqlara ətraflı məlumat verilib.

Həmçinin qonaqlara 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun misli görünməmiş qəhrəmanlığı nəticəsində şəhər 28 illik işğaldan azad edilməsi barədə məlumat verilib.

Qeyd olunub ki, qısa müddət ərzində şəhərdə sürətli bərpa-quruculuq işləri aparılıb, tarixi və dini abidələr yenidən qurulub, keçmiş məcburi köçkünlərin mərhələli şəkildə doğma yurda qayıdışı təmin olunur.

Şuşa şəhərinin 2023-cü ildə Türk dünyasının, 2024-cü ildə isə İslam dünyasının "mədəniyyət paytaxtı" missiyasını uğurla yerinə yetirdiyi də nümayəndə heyətinin diqqətinə çatdırılıb.

Səfər çərçivəsində şəhərdə Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəlləri, Natəvanın evi, Natəvan bulağı, Şuşa qalası, Yuxarı Gövhər Ağa məscidi və Bülbülün Ev-Muzeyi ilə tanışlıq olub.

Xəbər lenti