Azad edilən ərazilərdə təhsil alanların sayı 3 minə yaxınlaşır.
"Report" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Real TV"yə eksklüziv müsahibəsində deyib.
Onun sözlərinə görə, hazırda işğaldan azad olunan ərazilərdə 30-dək təhsil müəssisəsi fəaliyyət göstərir:
"Bura həm ümumtəhsil müəssisələri, həm də bağçalar daxildir. İşğaldan azad olunan ərazilərdə təhsil alanların sayı 3 min nəfərə yaxınlaşır. Bundan başqa, azad edilmiş ərazilərdəki ümumtəhsil müəssisələrində müəllimlərin sayı 300-dən çoxdur".
Nazir həmçinin bildirib ki, Qarabağ Universitetində kampusun tikintisi davam edir, yeni proqramlar hazırlanır:
"Növbəti ildə Qarabağ Universitetinə 1200-1500 tələbə qəbulunu planlaşdırırıq. Yeni ixtisaslar, yeni fakültələr olacaq, xüsusilə təbiət fənləri sahəsində. Eyni zamanda, IT və iqtisadiyyatla bağlı müəllim ixtisasları da arta bilər".
E.Əmrullayev, eyni zamanda, vurğulayıb ki, Musiqi və incəsənət fakültəsinin Şuşa şəhərinə köçürülməsi planlaşdırılır:
"Bundan başqa, Şuşa şəhərində peşə məktəbinin istifadəyə verilməsi də gözlənilir".