IMG-LOGO

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb

15 Dec 2025 19:11 3 baxış
IMG

Parisdə UNESCO-nun mənzil-qərargahında təşkilatın yubileylər proqramına daxil edilmiş memar Əcəmi Naxçıvaninin anadan olmasının 900 illiyinə həsr edilmiş sərginin açılış mərasimi olub.

"Report"un yerli bürosu xəbər verir ki, sərgi UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi, UNESCO yanında Daimi Nümayəndəliyin, Azərbaycan Memarlar İttifaqı və Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı və UNESCO-nun tərəfdaşlığı ilə təşkil edilib.

Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev, UNESCO-nun Baş direktorunun Mədəniyyət məsələləri üzrə müavini Ernesto Ottone, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, ölkəmizin UNESCO üzrə Milli Komissiyasının nümayəndəsi Nigar Rəhimli, Azərbaycan Respublikasının Əməkdar memarı, Azərbaycan Memarlar İttifaqının katibi və İttifaqın Peşəkar Etika Kollegiyasının sədri Rasim Babakişiyev çıxış edərək, Əcəmi Naxçıvaninin həyat və yaradıcılığı haqqında məlumat veriblər.

Bildirilib ki, Azərbaycanın görkəmli orta əsr memarı Əcəmi Naxçıvaninin yubileyi UNESCO-nun 2024–2025-ci illər üzrə Yubileylər Siyahısına daxil edilib və bu, Azərbaycan mədəni irsinin dünya miqyasında tanıdılmasının növbəti nümunəsidir.

Qeyd edilib ki, Əcəmi Naxçıvani Azərbaycan mədəniyyət tarixinin ən parlaq simalarındandır. Riyazi dəqiqliyi bədii təxəyyüllə birləşdirən memar Naxçıvan memarlıq məktəbinin banisi kimi tanınır. XII əsrin nadir inciləri olan Möminə Xatun türbəsi və Yusif ibn Küseyr türbəsi onun dahiliyinin bariz nümunələridir.

Diqqətə çatdırılıb ki, onun yaradıcılıq irsi memarlıqla məhdudlaşmır. Onun obrazı təsviri sənətdə də əksini tapıb. 1983-cü ildə Bakıda keçirilən Şərq Xalça Sənəti üzrə Beynəlxalq Simpozium zamanı görkəmli xalça ustası Lətif Kərimovun toxuduğu və Əcəmi Naxçıvanini təsvir edən xalça UNESCO-ya hədiyyə edilib.

Azərbaycanın görkəmli orta əsr memarı Əcəmi Naxçıvaninin yubileyi UNESCO-nun 2024–2025-ci illər üzrə Yubileylər Siyahısına daxil edilib və bu, Azərbaycan mədəni irsinin dünya miqyasında tanıdılmasının növbəti nümunəsidir.

Sərgidə Əcəmi Naxçıvaninin həyatına və yaradıcılığına həsr olunmuş şəkillərdən əlavə, Türk Mədəniyyəti və İrsi Fondu və Azərbaycan Memarlar İttifaqının dəstəyi ilə nəşr edilmiş kitabın təqdimat mərasimi keçirilib. Sonda qonaqlara Azərbaycan milli mətbəxinin təamları təqdim olunub.

UNESCO mənzil-qərargahında təşkil edilən sərgi dekabrın 19-dək davam edəcək.

Xəbər lenti