"Yüksəliş" dayanıqlı liderlik ekosistemi formalaşdıran unikal dövlət layihəsidir.
"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini, "Yüksəliş" müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev deyib.
O bildirib ki, insan potensialının inkişafına yönəlmiş siyasətin əsas elementlərindən biri "Yüksəliş" müsabiqəsidir. Müsabiqənin qalibləri uğurlarının tanınması ilə yanaşı, həm də dövlət və özəl sektorda aparıcı strukturların rəhbərləri ilə birbaşa işləmək imkanı qazanırlar:
"Bir il davam edən Mentorluq Proqramı çərçivəsində qaliblər böyük tədbirlərdə iştirak edir, mentorlarını rəsmi səfərlərdə müşayiət edir, ikitərəfli görüşlərə qatılırlar. "Yüksəliş" həm məlumat bazası, həm də ölkənin intellektual inkişafını gücləndirən dayanıqlı liderlik ekosistemi formalaşdıran unikal dövlət layihəsidir. Dövlət "Yüksəliş" vasitəsilə cəmiyyətə mühüm mesaj verir: Azərbaycan ağıllı, potensiallı və məsuliyyətli idarəçilər axtarır, onları görməyə, dəstəkləməyə və inkişafı üçün şərait yaratmağa hazırdır. Bu, yeni idarəçi nəslinin formalaşmasında açıq və meritokratik dövlət siyasətinin bariz nümunəsidir".
F.Hacıyev qeyd edib ki, "Yüksəliş" ekosisteminin əsas komponentlərindən biri də Tələbə Mentorluq Proqramıdır. Müsabiqənin qalibləri bu proqram çərçivəsində ölkənin aparıcı universitetlərinin tələbələrinə mentorluq edirlər:
"Bu gün müsabiqənin qalibləri, finalçıları, mentorları, ekspertləri, təşkilatçıları və tələbə mentorları birlikdə dinamik bir idarəetmə ekosistemi yaradırlar. Bu mühit artıq özünü təhsil texnologiyaları, dövlət idarəçiliyi, İT, sosial layihələr, marketinq, HR və digər sahələrdə göstərir. Bu ekosistem ölkədə innovasiyaların, sosial təşəbbüslərin və yeni idarəetmə modellərinin inkişafına mühüm töhfə verir. "Yüksəliş" bu gün insan kapitalının qorunması və intellektual potensialın gücləndirilməsi baxımından strateji dövlət alətinə çevrilib".


