Audiovizual Şura televiziya və radiolardakı reklam çarxlarında əcnəbi sözlərin istifadəsinin qarşısını tamamilə alıb.
"Report"un məlumatına görə, bunu Şuranın sədri İsmət Səttarov Milli Məclisdə keçirilən "Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər" adlı konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, əvvəllər reklam çarxlarında tez-tez əcnəbi sözlərə rast gəlinirdi.
İ.Səttarov həmçinin verilişlərdə vəziyyətin qənaətbəxş olmadığını bildirib:
"Çünki verilişlərin monitorinqi məsələsi var. Hansı ki gün ərzində 800 saatlıq efirə 6 əməkdaş baxır. Lakin dövlət başçısının çıxışından sonra yenidən bu məsələyə baxdıq və süni intellektdən istifadəyə qərar verdik. Demək olar, 40 əcnəbi sözü proqrama daxil etdik və süni intellektə bu istiqamətdə əmr verdik. Hazırda bu layihə test mərhələsindədir".
Mənbə: report.az