Beynəlxalq tədqiqat qrupunun apardığı laboratoriya təcrübələri, nüvə bombasının dəqiq partladılmasının kosmosda nəhəng daşı dayandırmaq üçün ən yaxşı variant ola biləcəyini göstərib.
Lent.az xəbər verir ki, təcrübədə təsdiq edilib ki, uyğun ölçülü atom partlayışı zamanı yayılan rentgen şüaları diametri 3-5 kilometr arasında dəyişən asteroidləri öz orbitlərindən yayındıra bilir.
NASA son təcrübəsi ilə böyük bir kosmik gəmini nisbətən kiçik asteroid yığınına çırpmaqla bu obyektlərin orbitlərinin dəyişdirilə biləcəyini sübuta yetirib.
Lakin daha böyük, daha sərt asteroidləri sapdırmaq daha çətin ola bilər. Xoşbəxtlikdən, bu cür nəhəng qaya parçalarını kosmosda hərəkət etdirməyin birdən çox yolu var.
Fizik Nathan Moore və onun ABŞ-dakı “Sandia National Laboratories”dən olan komandası isə yüksək tezlikli elektromaqnit dalğa generatoru olan “Z Pulsed Power Facility”dən istifadə edərək 1,5 meqajoul rentgen şüaları əldə ediblər.
Bu şüalanma nazik metal folqa və onun üzərindəki kvars şüşəsi parçasını buxarlandırıb. Təcrübə nəticəsində asteroidlərin istiqamətinin dəyişdirilməsi ilə bağlı mühüm məlumatlar toplanıb.
Bu üsulla diametri 5 kilometrə qədər olan asteroidlərin kosmosda təhlükəsiz şəkildə istiqamətləndirilməsi nəzərdə tutulur. Tədqiqat qrupu bildirir ki, bu modelin daha ətraflı versiyaları müxtəlif asteroidlərin xüsusiyyətlərinə görə hazırlana bilər.
Hazırda Yer kürəsini vura biləcək böyük asteroid təhlükəsi olmasa da, bu cür fəlakətlərə hazır olmaq həyati əhəmiyyət kəsb edir.