IMG-LOGO

Hakimiyyəti zorla ələ keçirmək istəyənlər “Whatsapp” qrupu yaradıblar - MƏHKƏMƏ

24.09.2024 16:54 2 baxış
IMG

Hakimiyyətin zorla ələ keçirilməsinə yönələn açıq çağırışlar etməkdə təqsirləndirilən Elşən Məhyəddin oğlu Kərimovun məhkəməsi keçirilib.

Lent.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə vəkil təqsirləndirilən şəxsin qandallarının açılmasını tələb edib.

Hakim vəkilin tələbini təmin edib. Daha sonra, söz dövlət ittihamçısı Orxan Kəngərliyə verilib. 

Dövlət ittihamçısı ittiham aktını elan edib. O, ittiham aktında bildirib ki, Elşən Kərimov bir qrup şəxslə əlbir olub hakimiyyətin ələ keçirilməsi ilə bağlı paylaşımlar və “Whatsapp”da yaratdığı qrupda bununla bağlı çağırışlar edib.

Məhkəmənin davamında hakim dövlət əleyhinə yönələn açıq çağırışlar etməkdə ittiham olunan Elşən Kərimovdan özünü təqsirli bilib-bilmədiyini soruşub.

Elşən Kərimov özünü qismən təqsirli bilib. Onun sərbəst ifadə verməsi üçün proses təxirə salınıb.

Məhkəmənin növbəti prosesi oktyabrın 15-ə təyin edilib.

Qeyd edək ki, 57 yaşlı Elşən Kərimov uzun illərdir Rusiyada yaşayıb. O, bu ilin aprelinin 17-də atasının yas mərasimində iştirak etmək üçün Yevlax rayonunun Rüstəmli kəndinə gəlib. Elə yas mərasimində də hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar təkrar törədildikdə) maddəsi ilə ittiham elan edilib.

Xəbər lenti