IMG-LOGO

Həftədə 25 saat hosteldə işləyib, Bu ölkədə pulsuz yaşamaq olar

20 Sep 2026 19:28 3 baxış
IMG
0 0

Patagoniyanı görmək istəyən, amma yaşayış xərclərini azaltmağa çalışan turistlər üçün maraqlı imkan yaradılıb. Argentinanın San-Karlos-de-Bariloçe şəhərində yerləşən hostellərdən biri könüllülərə pulsuz yaşayış təklif edir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, proqram çərçivəsində iştirakçılar həftədə 25 saat hosteldə işləməli olurlar.

Bunun qarşılığında onlara ümumi otaqda pulsuz qalmaq, hər gün səhər yeməyi və bir sıra əlavə imkanlar təqdim edilir. Könüllülərin vəzifələrinə yeməklərin hazırlanması və təqdim edilməsi, otaqların və ümumi sahələrin təmizlənməsi, həmçinin qonaqların yerləşdirilməsinə kömək etmək daxildir.

İştirakçılara həftədə iki gün istirahət verilir. Beləliklə, onlar boş vaxtlarında şəhəri və ətraf bölgələri gəzə, ekskursiyalara qoşula və Patagoniyanın təbiətini yaxından görə bilərlər.

Hostel dağlar və göllərlə əhatə olunan, turistlər arasında məşhur Bariloçe bölgəsində yerləşir. Könüllülər yaşayış və səhər yeməyindən əlavə, ümumi mətbəxdən, paltaryuyan maşından, internetdən və velosipedlərdən istifadə edə bilirlər.

Onlara bəzi yemək və içkilər, ekskursiyalar və səfərlər üçün də endirimlər təqdim olunur. Proqram əsasən iki-üç həftəlik müddət üçün nəzərdə tutulub. Burada həm tək səyahət edənlər, həm də cütlüklər iştirak edə bilərlər.

Əsas tələblərdən biri ingilis və ya ispan dilini ən azı orta səviyyədə bilməkdir. Çünki görülən işlər hostelin qonaqları ilə ünsiyyət qurmağı tələb edir.

Lakin bu imkanı tamamilə pulsuz tətil hesab etmək olmaz. İştirakçılar Argentinaya gediş-gəliş xərclərini, sığortanı, yerli nəqliyyatı və lazım olduğu halda viza xərclərini özləri ödəməlidirlər. Bundan başqa, könüllülərə gördükləri işə görə maaş verilmir. Yaşayış və digər xidmətlər əməyin qarşılığında təqdim edilir.

Bu proqram gündə bir neçə saat işləməklə Patagoniyada yaşamaq, müxtəlif ölkələrdən olan səyahətçilərlə tanış olmaq və yaşayış xərclərini əhəmiyyətli dərəcədə azaltmaq istəyənlər üçün uyğun seçim hesab olunur.

Argentina Hostel iş yaşama hüququ

Mənbə: lent.az

Xəbər lenti