İran ordusu Hörmüz boğazında ABŞ-nin hərbi hədəflərini atəşə tutub.
"Report" xəbər verir ki, bu məlumatı mənbələrə istinadən "Tasnim" agentliyi yayıb.
"Qeşmdəki partlayış səsinin mənbəyi düşmən hədəflərinin vurulması idi", - mənbə bildirib və əlavə edib ki, hücum avqustun 6-sı saat 21:40 radələrində qeydə alınıb.
Hərbi əməliyyatın təfərrüatları açıqlanmayıb.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın sabiq ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.
İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.
Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib.
ABŞ ilə İran arasında anlaşma memorandumu iyunun 18-də hər iki ölkənin lideri - Donald Tramp və Məsud Pezeşkian tərəfindən rəqəmsal şəkildə imzalanıb. Lakin iyulun 8-də ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İranın Hörmüz boğazında üç gəmiyə qarşı hücumlarına cavab olaraq ölkəyə "kütləvi güclü zərbələr" endirildiyini bəyan edib.
Avqustun 2-də Tramp razılaşmanın bağlanması şərtilə İrana planlaşdırılan yeni hücumun ləğv edildiyini açıqlayıb. Hazırda Hörmüz boğazına nəzarətlə bağlı danışıqlar aparılır. Lakin İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bu fasiləni ABŞ-nin yeni hücuma hazırlığı sayır.
Mənbə: report.az