IMG-LOGO

İspaniyada tikilən hava limanı kabuslar şəhərinə çevrildi

30 Jun 2026 12:56 9 baxış
IMG
0 0

İspaniyada yerləşən Syudad Real Mərkəzi Hava Limanı vaxtilə ölkənin ən iddialı infrastruktur layihələrindən biri hesab olunub. Məqsəd paytaxt Madridin cənubunda yeni hava limanı yaradaraq Baraxas Hava Limanının yükünü azaltmaq, aşağıbüdcəli aviaşirkətləri cəlb etmək və regionu yeni iqtisadi mərkəzə çevirmək olub. Layihəyə təxminən 1 milyard avro sərmayə qoyulub. Mütəxəssislər hava limanını gələcəyin böyük aviasiya mərkəzlərindən biri hesab ediblər. Hava limanında uzunluğu təxminən 4 kilometr, eni isə 60 metr olan uçuş-eniş zolağı inşa edilib. Bu zolaq dünyanın ən böyük sərnişin təyyarələrindən biri "Erbas A380" təyyarəsini belə qəbul edə biləcək imkanlara malik olub.

Terminalın hər il milyonlarla sərnişinə xidmət göstərməsi planlaşdırılıb. Kompleksdə iri sənaye zonaları da yaradılıb. Layihə kiçik regional hava limanı deyil, İspaniyanın yeni hava nəqliyyatı qapısı kimi nəzərdə tutulub. 

Lent.az xarici mediaya istinadla xəbər verir ki, hava limanı fəaliyyətə başladıqdan az sonra 2008-ci il qlobal maliyyə böhranı baş verib.

Böhran İspaniyada tikinti və investisiya sektoruna ciddi zərbə vurdu. Aviaşirkətlər Syudad Real hava limanında kifayət qədər sərnişin potensialı görməyiblər. Bundan əlavə, hava limanının Madridə nisbətən uzaq məsafədə yerləşməsi də onun populyarlıq qazanmasına mane olub. Rəsmi olaraq paytaxtın alternativi kimi təqdim edilsə də, Baraxas Hava Limanı ilə rəqabət apara bilməyib.

Son sərnişin reysi 2011-ci ildə baş tutub

Bir neçə aviaşirkət burada fəaliyyət göstərsə də, onların heç biri uzun müddət işləyə bilməyib. 2011-ci ilin payızında Vuelinq aviaşirkətinin Syudad Realdan Barselonaya həyata keçirdiyi reys hava limanının son kommersiya uçuşu olub.

Bundan sonra hava limanı fəaliyyətini dayandırıb və iflasa uğrayıb. Beynəlxalq mətbuatda yayılan məlumatlara görə, vaxtilə 1 milyard avro dəyərində qiymətləndirilən bu layihəyə iflas hərracında cəmi 10 min avro təklif edilib.

Yenidən istifadəyə verilsə də, əvvəlki məqsədinə çatmayıb

2019-cu ildə İspaniyanın mülki aviasiya qurumu hava limanının yenidən fəaliyyət göstərməsinə icazə verib. Sonrakı illərdə obyekt əsasən təyyarələrin saxlanılması, texniki xidmət və sənaye məqsədləri üçün istifadə olunmağa başlayıb.

Koronavirus pandemiyası dövründə geniş dayanacaq sahələri sayəsində çoxlu sayda təyyarə burada müvəqqəti saxlanılıb.

Hazırda Syudad Real Mərkəzi Hava Limanı rəsmi olaraq fəaliyyət göstərən hava limanı statusunu qoruyur. Lakin burada əvvəlcədən planlaşdırıldığı kimi sıx beynəlxalq sərnişin axını yoxdur. Hava limanı əsasən özəl təyyarələrə, xüsusi reyslərə və texniki xidmət işlərinə xidmət göstərir.

Hava limanı İspaniya

Mənbə: lent.az

Xəbər lenti