IMG-LOGO

İsti hava 212 nəfərin ölümünə səbəb oldu - 76 ilin REKORDU

26 Jun 2026 18:55 5 baxış
IMG
1 0

Avropada iyunun ikinci yarısından etibarən müşahidə olunan anomal isti hava dalğası İspaniyada azı 212 nəfərin ölümünə səbəb olub.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, məlumata görə, bu ilin ilk yay istiləri dalğası ötən bazar günü başlayıb. Ən çox ölkənin mərkəzi və şimal bölgələrinə təsir göstərib.

Ən ağır gün iyunun 24-ü, çərşənbə günü olub. Həmin gün 96 nəfərin həyatını itirdiyi bildirilir ki, bu da ümumi ölüm hallarının demək olar yarısını təşkil edir.

Mütəxəssislərin sözlərinə görə, iyunun 24-ü və 25-i İspaniyada ən azı 1950-ci ildən bəri iyun ayında qeydə alınan ən isti günlər olub.

Ekspertlər xəbərdarlıq edirlər ki, Avropada isti hava dalğaları hər il daha erkən başlayır və bu, ölüm hallarının artmasına səbəb olur. Xüsusilə yaşlı insanlar, xroniki xəstəlikləri olan şəxslər və digər həssas qruplar yüksək temperaturdan daha çox zərər görür.

İspaniyanın Səhiyyə Nazirliyi güclü istilər zamanı həm turistlərə, həm də yerli sakinlərə spirtli, kofeinli və şəkərli içkilərdən uzaq durmağı tövsiyə edib. Mütəxəssislər bildirirlər ki, spirtli içkilər orqanizmdə maye itkisini artırır və bu da susuzlaşma, istilik tükənməsi və ya günvurma riskini yüksəldir.

Bundan əlavə, vətəndaşlara gün ərzində mütəmadi su içmək, yüngül və nəfəs alan geyimlər seçmək, kölgə və sərin yerlərdə qalmaq, eləcə də günün ən isti saatlarında ağır fiziki fəaliyyətdən çəkinmək tövsiyə olunur.

İyunun ortalarından etibarən Avropanın böyük hissəsində müşahidə olunan ekstremal istilər nəqliyyatın fəaliyyətinə də təsir göstərib. Bəzi ölkələrdə sərnişin qatarlarının hərəkəti məhdudlaşdırılıb, sakinlərə zəruri olmadıqca səfərə çıxmamaq tövsiyə olunub. Həmçinin bir sıra ölkələrdə spirtli içkilərin satışı dayandırılıb və bəzi turistik məkanlar müvəqqəti olaraq bağlanıb.

dünyadan xəbərlər isti havalar Avropa

Mənbə: lent.az

Xəbər lenti