BMT-nin Dünya Xoşbəxtlik Hesabatına görə, Finlandiya son altı ildir dünyanın ən xoşbəxt ölkəsi hesab olunur. Mütəxəssislər bu uğurun sirrini araşdırarkən finlərin gündəlik həyatında istifadə etdikləri bəzi ifadələrin onların həyata baxışını əks etdirdiyini müəyyən ediblər.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, tədqiqatçı və psixoloq Frank Martela Finlandiyada xoşbəxtlik mədəniyyətini araşdıraraq finlərin tez-tez istifadə etdiyi dörd ifadəni açıqlayıb.
1. "Xoşbəxtlik sakitliyi sevir"Finlər hesab edirlər ki, insan nə qədər xoşbəxt olsa da, bunu hər kəsə nümayiş etdirməyə ehtiyac yoxdur. Başqaları ilə daim müqayisə aparmaq sevinc hissini azalda və insanı narazı sala bilər.
2. "Pessimist heç vaxt məyus olmur"Bu ifadə həyatın hər zaman gözlənilməzliklərlə dolu olduğunu xatırladır. Finlər hesab edirlər ki, hər şeyin planlaşdırıldığı kimi getməyəcəyini əvvəlcədən qəbul edən insanlar çətinliklərlə daha rahat mübarizə aparır və yaranan vəziyyətə daha asan uyğunlaşırlar.
3. "Hər kəs öz xoşbəxtliyinin memarıdır"Frank Martelanın fikrincə, xoşbəxtlik insana hazır şəkildə verilmir, onu hər kəs özü qurur. Bununla yanaşı, o vurğulayır ki, şəxsi məsuliyyət vacib olsa da, insanların bir-birinə dəstəyi də böyük rol oynayır. Emosional və praktiki yardım insanın rifahını artırır. Finlandiyada güclü sosial müdafiə sistemi də insanların yüksək həyat keyfiyyətini qorumasına kömək edir.
4. "Hər kəsin öz qisməti var, amma yay hamıya gəlir"Bu ifadə həyatın enişli-yoxuşlu olduğunu və heç bir çətinliyin əbədi davam etmədiyini ifadə edir. İnsan nəzarət edə bilmədiyi hadisələri qəbul etdikdə indiki anı daha çox qiymətləndirə bilir. Finlər inanırlar ki, nə qədər uzun və çətin dövr yaşansa da, sonda hər zaman daha yaxşı günlər gəlir. Necə ki, uzun qışın ardınca mütləq yay fəsli gəlir. Psixoloqlar hesab edirlər ki, məhz bu düşüncə tərzi finlərin daha sakit, balanslı və xoşbəxt həyat sürməsində mühüm rol oynayır.
Finlandiya xoşbəxtlik Frank MartelaMənbə: lent.az