IMG-LOGO

Türkiyəyə ən çox köç edən ölkə vətəndaşları onlardır - Azərbaycan ikinci yerdədir

24 Jun 2026 15:21 6 baxış
IMG
0 0

Türkiyə Statistika Qurumunun (TÜİK) açıqladığı 2025-ci il üzrə beynəlxalq miqrasiya statistikası ölkəyə gələn və ölkədən gedən əhali ilə bağlı diqqətçəkən rəqəmləri ortaya qoyub. Məlumata görə, 2025-ci ildə Türkiyəyə köç edən xarici vətəndaşlar arasında ilk yeri Türkmənistan vətəndaşları tutub. Azərbaycan isə siyahıda ikinci sırada qərarlaşıb.

Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, statistikaya əsasən, 2025-ci ildə Türkiyəyə gələnlərin sayı əvvəlki illə müqayisədə 25,2 faiz artaraq 393 min 829 nəfərə çatıb.

Onlardan 91 min 952 nəfəri Türkiyə vətəndaşı, 301 min 877 nəfəri isə xarici ölkə vətəndaşları olub. Ölkəyə gələnlərin 56,6 faizini kişilər, 43,4 faizini isə qadınlar təşkil edib.

Eyni dövrdə Türkiyədən xaricə köç edənlərin sayı isə 5 faiz azalaraq 403 min 216 nəfər olub. Bu şəxslərin 155 min 119-u Türkiyə vətəndaşı, 248 min 97-si isə xarici ölkə vətəndaşıdır.

Miqrasiya prosesində ən fəal yaş qrupunu gənclər təşkil edib. Türkiyəyə gələnlər arasında ən böyük pay 20-24 yaş qrupunun olub. Bu yaş kateqoriyası ümumi miqrantların 16,3 faizini təşkil edib. Onları 25-29 yaş qrupu (13,7 faiz) və 30-34 yaş qrupu (11,5 faiz) izləyib.

Türkiyədən gedənlər arasında isə ən yüksək göstərici 25-29 yaş qrupunda qeydə alınıb. Bu yaş kateqoriyası ümumi miqrantların 14,3 faizini təşkil edib.

Məlumata görə, həm Türkiyəyə gələnlərin, həm də ölkədən gedənlərin ən çox üstünlük verdiyi şəhər İstanbul olub. Türkiyəyə gələnlərin 42,2 faizi İstanbulda məskunlaşıb. Sonrakı yerlərdə Antalya (9,1 faiz), Ankara (6,7 faiz), İzmir (3,1 faiz) və Bursa (2,9 faiz) qərarlaşıb.

Ölkədən köç edənlərin də ən böyük hissəsi İstanbulun payına düşüb. Bu göstərici 35,4 faiz təşkil edib. Ankara, Antalya, Mersin və İzmir də siyahının ilk sıralarında yer alıb.

Xarici vətəndaşların mənşə ölkələrinə görə bölgüsündə isə Türkmənistan vətəndaşları lider olub. 2025-ci ildə Türkiyəyə köç edən xaricilərin 23,4 faizini Türkmənistan vətəndaşları təşkil edib. İkinci yerdə 8,3 faizlə Azərbaycan, üçüncü yerdə isə 6,9 faizlə Özbəkistan qərarlaşıb. Siyahının davamında Misir və Əfqanıstan yer alıb.

Türkiyədən ayrılan xarici vətəndaşlar arasında isə ilk sırada İraq vətəndaşları olub. Onlar ümumi göstəricinin 15,7 faizini təşkil edib. Sonrakı yerlərdə Əfqanıstan, Rusiya, İran və Türkmənistan vətəndaşları qərarlaşıb.

Türkiyə miqrasiya Azərbaycan köç

Mənbə: lent.az

Xəbər lenti