İranın keçmiş ali lideri Əli Xamenei ilə vida və dəfn mərasimlərinin proqramı açıqlanıb. İranın "Tasnim" agentliyinin yaydığı məlumata görə, mərasimlər bir neçə şəhəri əhatə edəcək və ümumilikdə altı gün davam edəcək.
Məlumata əsasən, iyulun 4 və 5-də Tehranda yerləşən İmam Xomeyni adına mərkəzi məsciddə (bəzi İran mənbələrində Mosalla kompleksi kimi göstərilir) Xamenei ilə ümumxalq vida mərasimləri təşkil olunacaq. Minlərlə insanın mərasimdə iştirak edəcəyi gözlənilir.
İyulun 6-da Xameneinin cənazəsi Tehranda izdihamlı matəm yürüşü ilə son mənzilə yola salınacaq. İran hakimiyyəti təhlükəsizlik tədbirlərini maksimum səviyyəyə qaldırmağı planlaşdırır.
Mərasim bununla yekunlaşmayacaq. İyulun 7-də cənazə İranın dini mərkəzi sayılan Qum şəhərinə aparılacaq. Burada din xadimləri və ilahiyyat tələbələrinin iştirakı ilə ayrıca vida mərasimi keçiriləcək.
Dəfn isə iyulun 9-na planlaşdırılıb. İran mediasının məlumatına görə, Əli Xamenei ölkənin müqəddəs şəhərlərindən biri hesab olunan Məşhəddə torpağa tapşırılacaq. Məşhəd şiə müsəlmanları üçün ən əhəmiyyətli ziyarət məkanlarından biri hesab edilir və burada İmam Rzanın məqbərəsi yerləşir.
İran KİV-lərinin yazdığına görə, mərasimlərə xarici ölkələrdən dövlət və hökumət nümayəndələrinin, dini liderlərin, eləcə də müxtəlif ölkələrdən gələcək nümayəndə heyətlərinin qatılması gözlənilir. Təhlükəsizlik səbəbindən proqramda son anda müəyyən dəyişikliklərin edilə biləcəyi də istisna olunmur.
Xatırladaq ki, İran rəsmilərinin məlumatına görə, Əli Xamenei fevralın 28-də ABŞ və İsrailin Tehrana endirdiyi zərbələr nəticəsində həlak olub. Bundan sonra ölkədə uzunmüddətli matəm elan edilib və yeni ali lider seçilib.
Əli Xamenei İran Tehran Məşhəd Qum vida mərasimi dəfn mərasimi Tasnim İran mediası ali lider
Mənbə: lent.az