IMG-LOGO

Türkiyədəki bu dağ 2000 ildən çoxdur ki, alovlar içindədir

19 Jun 2026 12:44 21 baxış
IMG
0 0

2000 ildən çoxdur sönməyən sirli alovun sirri açıldı.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Türkiyənin Aralıq dənizi sahillərində yerləşən Ximera dağı artıq 2 000 ildən çoxdur ki, sönməyən alovları ilə həm turistlərin, həm də alimlərin diqqətini cəlb edir.

Antalya vilayətinin Çıralı kəndi yaxınlığında yerləşən Ximera dağı dünyanın ən maraqlı geoloji möcüzələrindən biri hesab olunur. Dağın qayalı yamacındakı çatlardan onlarla kiçik alov dilləri mütəmadi olaraq üzə çıxır. Bu mənzərə xüsusilə gecə saatlarında daha möhtəşəm görünür.

Mütəxəssislərin sözlərinə görə, alovun mənbəyi insan fəaliyyəti deyil. Qayaların dərin qatlarından səthə çıxan metan və digər təbii qazlar havadakı oksigenlə təmasda alışaraq fasiləsiz yanmağa başlayır. Məhz buna görə də alov minilliklərdir sönmür.

Bəzi tarixçilər hesab edirlər ki, bu sirli alov qədim yunan mifologiyasındakı od püskürən Ximera əfsanəsinin yaranmasına ilham verib. Rəvayətə görə, bu qorxunc məxluq qədim Likiya bölgəsində insanlara qorxu saçırdı.

Alimlər bildirirlər ki, qazlar Yer qabığının dərin qatlarında baş verən kimyəvi reaksiyalar nəticəsində əmələ gəlir. Ximeradakı metanın bir hissəsinin su ilə müəyyən növ süxurlar arasında gedən reaksiyalar nəticəsində yarandığı ehtimal olunur.

Mütəxəssislər qeyd edirlər ki, bu proses canlı orqanizmlərin iştirakı olmadan karbohidrogenlərin yaranmasının mümkün olduğunu göstərir. Bu isə Yerin geoloji quruluşunu və dərin qatlarda baş verən prosesləri daha yaxşı anlamağa kömək edir.

Ximera dağı yalnız geoloji baxımdan deyil, həm də arxeoloji baxımdan böyük əhəmiyyət daşıyır. Alovların yaxınlığında qədim tikililərin qalıqları, o cümlədən yunan mifologiyasında od və dəmirçilik tanrısı hesab olunan Hefestə aid ibadətgahın izləri aşkar edilib.

Alimlər hesab edirlər ki, bu ərazi həm qədim sivilizasiyaların inanclarını, həm də Yerin dərinliklərində baş verən təbii prosesləri öyrənmək üçün nadir təbii laboratoriyadır.

Ximera dağı Türkiyə təbii alov

Mənbə: lent.az

Xəbər lenti