IMG-LOGO

Niyə İspaniyada isti havada pəncərəyə su şüşəsi qoyurlar?

17 Jun 2026 13:56 4 baxış
IMG
0 0

Yay istisinin başlaması ilə mənzillər qısa müddətdə havasız və boğucu məkanlara çevrilir. Hər kəsin evində kondisioner olmur, kondisioneri olanlar isə elektrik enerjisinə qənaət etmək və ya soyuq havanın yaratdığı narahatlıqdan çəkinmək üçün ondan davamlı istifadə etmir. Mütəxəssislər bildirirlər ki, bəzi sadə üsullarla da evdəki istinin təsirini azaltmaq mümkündür.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, İspaniya və İtaliya kimi isti ölkələrdə geniş yayılmış üsullardan biri pəncərə yaxınlığında, xüsusilə də pəncərəaltında su ilə doldurulmuş qab və ya butulka saxlamaqdır.

Bununla yanaşı, gün ərzində günəş şüalarının birbaşa düşdüyü tərəfdəki jalüz və pərdələrin bağlı saxlanılması tövsiyə olunur. Pəncərələri isə havanın nisbətən sərin olduğu axşam və gecə saatlarında açmaq daha məqsədəuyğundur.

Digər faydalı üsullardan biri otaqda hava axını yaratmaqdır. Bunun üçün mənzilin qarşı tərəflərində yerləşən pəncərələri açmaq və ya ventilyatorlardan istifadə etmək olar. Məsələn, bir ventilyator isti havanı çölə yönləndirə, digəri isə sərin havanın içəri daxil olmasına kömək edə bilər.

Ventilyatorun qarşısına buz dolu qab və ya yaş dəsmal qoymaq da sərinlik hissini artıran üsullardan biri hesab olunur.

Mütəxəssislərin sözlərinə görə, su butulkası üsulunun effektivliyi suyun yüksək istilik tutumuna malik olması ilə bağlıdır. Su digər maddələrlə müqayisədə daha gec qızır və istiliyin bir hissəsini özündə toplaya bilir. Bu isə otağın temperaturunun daha yavaş yüksəlməsinə kömək edir.

Bununla belə, bu üsul kondisioner kimi otağı nəzərəçarpacaq dərəcədə soyutmur. Lakin digər tədbirlərlə birlikdə tətbiq edildikdə mənzildəki istiliyin təsirini azaltmağa yardımçı ola bilər.

Mütəxəssislər qeyd edirlər ki, pəncərələrin örtülməsi, axşam saatlarında otağın havalandırılması və pəncərə yaxınlığında su saxlanılması kimi sadə üsulların birlikdə tətbiqi yay istisini daha rahat keçirməyə imkan verə bilər.

isti havalar dünya

Mənbə: lent.az

Xəbər lenti