Dünyanın ən işlək beynəlxalq hava limanlarından biri hesab edilən və 1960-cı ildən fəaliyyət göstərən Dubay Beynəlxalq Hava Limanının (DXB) 2035-ci ildə tamamilə bağlanacağı gözlənilir.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, bu qərar Birləşmiş Ərəb Əmirliklərinin qlobal aviasiya və loqistika sahəsində liderliyini gücləndirmək məqsədi daşıyan genişmiqyaslı strategiyasının bir hissəsidir.
Qeyd olunur ki, DXB hava limanında həyata keçirilən bütün əməliyyatlar mərhələli şəkildə hazırda böyük modernizasiya prosesi keçən Əl-Məktum Beynəlxalq Hava Limanı (DWC) köçürüləcək. Təxminən 38 milyard dollar dəyərində qiymətləndirilən yenidənqurma layihəsi başa çatdıqdan sonra DWC-nin dünyanın ən böyük aviasiya mərkəzinə çevrilməsi planlaşdırılır.
Köçürülmə prosesi hazırda DXB-də fəaliyyət göstərən bütün xidmətləri və uçuşları əhatə edəcək. Buraya Emirates və flydubai aviaşirkətlərinin reysləri də daxildir.
Layihənin tamamlanmasından sonra Dubay Dünya Mərkəzi bölgəsində yerləşən yeni hava limanının ildə 260 milyon sərnişinə xidmət göstərməsi nəzərdə tutulur ki, bu da dünya üzrə rekord göstərici sayılır.
Modernizasiya planına beş paralel uçuş-enmə zolağının və təxminən 400 təyyarə çıxış qapısının tikintisi daxildir. Hava limanının inkişafına cavabdeh olan Dubay Aviasiya Mühəndisliyi Layihələri şirkətinin məlumatına görə, yeni kompleks ağıllı hava limanı sistemləri və sərnişin yönümlü xidmətlərin yeni dövrünü formalaşdıracaq.
Dubay Hava Limanı şirkətinin baş direktoru Paul Griffiths bildirib ki, bir-birinə yaxın məsafədə yerləşən iki iri aviasiya mərkəzinin eyni vaxtda fəaliyyət göstərməsi iqtisadi baxımdan məntiqli deyil. Onun sözlərinə görə, DXB infrastrukturunun böyük hissəsi həmin dövrədək istismar müddətinin sonuna yaxınlaşacaq və hava limanını açıq saxlamaq yalnız böyük investisiyalar hesabına mümkün olacaq.
Mütəxəssislər qeyd edirlər ki, DXB-nin bağlanmasının əsas səbəblərindən biri də onun yerləşdiyi ərazidir. Hava limanı böyük avtomobil yolları və yaşayış massivləri arasında yerləşdiyindən onun daha da genişləndirilməsi demək olar ki, mümkün deyil.
İlkin plana əsasən, əsas köçürmə prosesinin 2032-ci ildən başlanacağı gözlənilir. Bununla belə, layihənin tam şəkildə yalnız 2057-ci ildə yekunlaşacağı bildirilir.
Bundan əlavə, yeni hava limanının gələcəkdə yüksək sürətli Etihad Rail dəmir yolu sistemi ilə inteqrasiya olunması planlaşdırılır. Bu layihə sayəsində Dubai ilə Abu Dabi arasında səyahət müddətinin təxminən 30 dəqiqəyə qədər azalacağı gözlənilir.
Hava limanı Dünya xəbərləriMənbə: lent.az