IMG-LOGO

Öldüyü təsdiqlənən 88 yaşlı kişi meyitxanada dirildi

19 May 2026 18:05 3 baxış
IMG
0 0

Brazilayada həkimlərin ölümünü rəsmən təsdiqlədiyi 88 yaşlı kişi sonradan meyitxanada dirilib. Müəssisənin əməkdaşları yaşlı kişidə həyat əlamətləri müşahidə edərək təcili yardım çağırıblar.

Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə mayın 16-da baş verib. Jurasi Rozu Alvis adlı kişi tənəffüs çatışmazlığı ilə Prezident Bernardes şəhərindəki xəstəxanaya çatdırılıb. Müayinədən sonra həkim onun öldüyünü bildirib. Daha sonra xəstəxanaya dəfn bürosunun əməkdaşları çağırılıb və onlar kişini standart prosedurlar, eləcə də dəfn hazırlığı üçün aparıblar.

Lakin dəfn bürosunda əməkdaşlar kişinin qarın nahiyəsində qəribə hərəkətlər müşahidə edərək onun sağ ola biləcəyindən şübhələniblər.

Tibb bacıları üzrə texniki rəhbəri Jasqveline Brojiato yerli mediaya bildirib ki, əməkdaşlar əvvəlcə kişinin nəfəs alıb-almadığına əmin ola bilməyiblər. Onun sözlərinə görə, həyat əlamətləri müşahidə edildikdən sonra təcili yardım gələnədək kişiyə ilkin yardım göstərilib.

Brojiato qeyd edib ki, əməkdaşlar kişinin tənəffüs yollarını açmağa çalışıblar. O əlavə edib ki, təcili yardım gəldikdən sonra həkim dərhal kişiyə sakitləşdirici preparatlar vurub və xəstəxanaya aparılmazdan əvvəl intubasiya edib.

Bundan sonra Jurasi Rozu Alvis təcili şəkildə başqa xəstəxanaya köçürülüb. Yerli KİV-in məlumatına görə, hazırda o, reanimasiya şöbəsindədir. Həkimlər onun vəziyyətini ağır, lakin stabil qiymətləndirirlər.

Yaşlı kişinin yaxınları jurnalistlərə bildiriblər ki, əvvəlcə dəfn bürosundakı gecikməyə təəccübləniblər. Sonradan ailəyə izah edilib ki, əməkdaşlar kişinin həyat əlamətləri göstərdiyini aşkar ediblər.

Hadisədən sonra hüquq-mühafizə orqanları yardım göstərilməməsi faktı üzrə araşdırmaya başlayıblar. Ölümü rəsmən təsdiqləyən həkimin adı isə hələ açıqlanmır.

dünyadan xəbərlər meyit meyitxana Braziliya

Mənbə: lent.az

Xəbər lenti