IMG-LOGO

“Fənərbaxça” azarkeşlərinə ÇAĞIRIŞ: "oyuna bilet almayın"

30.03.2024 19:39 100 baxış
IMG

Türkiyənin “Fənərbaxça” futbol klubunun prezidenti Əli Koç klub azarkeşlərini “Qalatasaray”la ölkə Superkuboku matçına bilet almamağa, idarə heyətinin iclasının nəticələrini gözləməyə çağırıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, aprelin 7-də İstanbulun “Qalatasaray” və “Fənərbaxça” klubları Şanlıurfada Türkiyə Superkuboku matçında üz-üzə gələcək. Bundan əvvəl Koç ölkə çempionatında cari mövsümü “ən iyrənc” adlandırıb. Aprelin 2-də klubun idarə heyətinin iclası keçiriləcək, daha əvvəl bildirilib ki, “Fənərbaxça” Türkiyə çempionatından başqa ölkənin futbol liqasına keçmək variantını nəzərdən keçirir.

“Türkiyə Futbol Federasiyası (TFF) aprelin 7-si üçün biletləri satışa çıxarıb. Biz onları satmamışıq. Hazırda “Fənərbaxça” azarkeşləri ilə danışıram. Zəhmət olmasa 7 aprel üçün bilet almayın və ya oyuna qatılmayın. Aprelin 2-nə qədər gözləyin”, - deyə Koç açıqlamasında bildirib.

Martın 17-də Türkiyənin “Trabzonspor” futbol klubunun azarkeşləri komandalarının 2:3 hesabı ilə uduzduğu matçdan sonra meydançaya qaçaraq “Fənərbaxça” futbolçularına hücum ediblər. Türkiyənin daxili işlər naziri Əli Yerlikaya hadisə ilə bağlı araşdırmaya başlanıldığını açıqlayıb. Bazar ertəsi məlum olub ki, İstanbul klubu başqa ölkə çempionatına keçmək imkanını nəzərdən keçirir.

2023/24 mövsümünün bitməsinə 8 tur qalmış “Fənərbaxça” Türkiyə çempionatında “Qalatasaray”dan 2 xal geri qalaraq ikinci pillədə qərarlaşıb.

Xəbər lenti