Hörmüz boğazının tam açılması ilə bağlı istənilən danışıqlar Birləşmiş Ştatların tətbiq etdiyi hərbi-dəniz blokadasının aradan qaldırılmasını tələb edir.
"Report" İran mediasına istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Məsud Pezeşkian fransalı həmkarı Emmanuel Makronla telefon danışığı zamanı bəyan edib.
İki ölkənin prezidentləri regional hadisələri, danışıqlar prosesini və Hörmüz boğazındakı vəziyyət də daxil olmaqla bəzi strateji məsələləri müzakirə ediblər.
Pezeşkian Yaxın Şərq münaqişəsinin dialoq yolu ilə həllinə çağıran Fransanın mövqeyini müsbət qiymətləndirib.
Pakistanın vasitəçiliyi ilə ABŞ ilə danışıqların bərpasına toxunan İran Prezidenti deyib ki, onların səmərəliliyi müharibənin başa çatmasından və İrana qarşı əməliyyatların yenidən başlanmaması barədə zəruri təminatların verilməsindən asılıdır. O, həmçinin qeyd edib ki, İran bütün məsələləri beynəlxalq hüquq və normalar çərçivəsində həll etməyə hazırdır.
Qeyd edək ki, Pezeşkian və Makron arasında telefon danışığı dünən baş tutub.