Vaşinqton Tehranın 20 il ərzində uranın zənginləşdirilməsini dayandırmasını istəyir.
"Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb.
Vurğulanıb ki, ABŞ İranda uranın zənginləşdirilməsinə 20 illik moratorium tətbiq etməyə çalışır və ölkədəki bütün zənginləşdirilmiş nüvə materiallarının çıxarılmasını tələb edir.
ABŞ administrasiyası həmçinin İsfahan, Natanz və Fordodakı nüvə obyektlərinin sökülməsində, nüvə proqramının bir hissəsi olaraq yeraltı işlərin qadağan edilməsində və yoxlamaların aparılmasında israr edir.
Xatırladaq ki, bir müddət əvvəl CNN mənbələrə istinadən Vaşinqton və Tehranın İranda uranın zənginləşdirilməsinə 10 ildən çox müddətə moratorium qoyulması ehtimalını müzakirə etdiyini bildirmişdi.
Mayın 5-də Axios Vaşinqton və Tehranın silahlı münaqişəyə son qoymaqla bağlı bir səhifəlik memorandum imzalamağa yaxın olduqlarını bildirib.
Məlumata görə, Amerika tərəfi İranın münaqişəyə son qoymaq təkliflərinə 48 saat ərzində cavab verməsini gözləyir.