İslam İnkişaf Bankı (IsDB) Qrupu ilə Azərbaycan arasındakı münasibətlər üç onillikdən artıqdır ki, infrastruktur va su ehtiyatlarından tutmuş maliyyə sektoru və dayanıqlı inkişafa qədər iqtisadi artımın əsas istiqamətlərini əhatə edən davamlı və çoxsəviyyəli tərəfdaşlıq kimi inkişaf edir. Bu gün bu əməkdaşlıq yeni mərhələyə qədəm qoyur. lyunda Bakıda IsDB-nin İllik iclasları çərçivəsində tədbirlər keçiriləcək və tərəflər yaxın beş il üçün ikitərəfli əməkdaşlığın yol xəritəsini hazırlayıblar.
Azərbaycanda səfərdə olan IsDB Qrupunun prezidenti Məhəmməd Əl-Casir "Report"a müsahibəsində ISDB-nin Azərbaycanda, o cümlədən ölkənin Qarabağ regionunda həyata keçirməyə planlaşdırdığı layihələr və illik İclaslara hazırlıq barədə danışıb.
- Siz Azərbaycan Prezidenti İlham Əliyevlə görüş keçirdiniz. Gələcək əməkdaşlıq üçün bu görüşdə hansı razılaşmalar əldə olundu?
-Prezident İlham Əliyevlə çox konstruktiv görüşüm oldu. Bu görüş zamanı çoxdankı tərəfdaşlığımızın möhkəmliyi təsdiqləndi. Mən Azərbaycanın liderliyinə və gələcəyə dair strateji baxışına görə Bank adından Prezidentə dərin minnətdarlığımı bildirdim. Mən Prezidenti əmin etdim ki, bank ölkəyə dəstəyini "Azərbaycan 2030" baxışının prioritetlərinə uyğun quracaq. Biz dayanıqlı və inklüziv artıma yönəlmiş 2027-2031-ci illər üçün yeni tərəfdaşlıq strategiyası vasitəsilə əməkdaşlığımızı möhkəmləndirmək barədə razılığa gəldik.
- Sizin Azərbaycana səfəriniz İslam İnkişaf Bankı Qrupunun Rəhbərlər Şurasının Bakıda keçiriləcək İllik Toplantıları ərəfəsində baş tutur. İyun ayında hansı məsələlər müzakirə olunacaq?
- Bu səfər həqiqətən də İslam İnkişaf Bankı Qrupu ilə Azərbaycan arasındakı münasibətlərin əhəmiyyətli bir dövründə baş tutur. Artıq bir neçə həftədən sonra Bakı IsDB Qrupunun 2026-cı il İllik Toplantılarına ev sahibliyi edəcək. Bu, Azərbaycanın İllik Toplantılara ev sahibliyi etdiyi ikinci hal (ilk dəfə 2010-cu ildə - red.) olacaq. Mən Azərbaycan rəhbərliyinə və hökumətinə bu görüşlərin uğurla keçirilməsini təmin etməklə bağlı qətiyyətli mövqeyinə görə təşəkkür etmək üçün gəlmişəm.
Bankın komandaları həmçinin müxtəlif inkişaf sahələrində əməkdaşlığın gücləndirilməsi yollarını müzakirə etmək üçün özəl sektorun nümayəndələri, gənclər, akademik ictimaiyyət, eləcə də media və digər maraqlı tərəflərlə görüşlər keçirir. Mənim səfərim həm də ölkənin necə bir tərəqqiyə nail olduğunu, onun regional və qlobal inkişafda, eləcə də əlaqəliliyin təmin edilməsində necə mühüm yer tutduğunu nümayiş etdirməyə yönəlib. İllik Toplantılar Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın inkişaf uğurlarını nümayiş etdirəcək.
-IsDB-nin Azərbaycanla 30 ildən artıq davam edən əməkdaşlığını necə qiymətləndirirsiniz?
- Tərəfdaşlığımız Azərbaycanın 1992-ci ildə banka üzv olduğu vaxtdan bəri üç onillikdən çox müddəti əhatə edir. O vaxtdan bəri IsDB Qrupu kənd təsərrüfatı, energetika, su ehtiyatları, nəqliyyat və maliyyə xidmətləri də daxil olmaqla iqtisadiyyatın əsas sektorlarında 84 əməliyyat üzrə təxminən 1,8 milyard ABŞ dolları məbləğində maliyyələşdirmə ayırıb. Layihələrin əksəriyyəti artıq başa çatıb. Hazırda ümumi dəyəri 635,9 milyon ABŞ dolları olan 11 layihə icra mərhələsindədir.
Başa çatmış layihələrin bir çoxu müstəqil qiymətləndirmədən keçib və nəzərəçarpacaq, uzunmüddətli nəticələr nümayiş etdirib. Cari layihələrin də, xüsusən kənd təsərrüfatı sahələrini su ilə təmin edən suvarma kanallarının inkişafı, ev təsərrüfatlarının təmiz suya çıxışının genişləndirilməsi, ticarətin maliyyələşdirilməsi vasitəsilə biznesə dəstək və digər istiqamətlər hesabına Azərbaycanın iqtisadi inkişafına əhəmiyyətli təsir göstərəcəyi gözlənilir.
- IsDB Qrupu ölkəyə dəstəyini "Azərbaycan 2030" strategiyasına uyğun olaraq necə qurur?
- İslam İnkişaf Bankı Qrupu öz fəaliyyətini "Azərbaycan 2030" baxışı ilə tam uzlaşdırır. Biz hökumətlə eyni dövrü - 2027–2031-ci illəri əhatə edən ölkə üzrə tərəfdaşlıq strategiyasının imzalanması üzərində işləyirik. Qarşıdakı beş ildə dəstəyimiz "Azərbaycan 2030" milli baxış strategiyasına tam uyğun olaraq, iqtisadiyyatın şaxələndirilməsinə, insan kapitalına investisiyalara, "yaşıl" və dayanıqlı infrastrukturun inkişafına, eləcə də regional qarşılıqlı əlaqələrin genişləndirilməsinə yönələcək. Beləliklə, strategiya əməkdaşlığımızın növbəti mərhələsi üçün yol xəritəsinə çevriləcək. Bu, tərəfdaşlığa lazımi struktur və ambisiya qazandıracaq.
- IsDB Qarabağ suvarma kanalının yenidən qurulmasının maliyyələşdirilməsində iştirak edəcək. Bu layihənin azad edilmiş ərazilərdə kənd təsərrüfatının bərpasına və bütövlükdə Azərbaycan iqtisadiyyatına hansı təsiri olacaq?
- Qarabağ suvarma kanalı layihəsi 2026-cı ilin fevralında IsDB Şurası tərəfindən təsdiqlənmiş 436,67 milyon ABŞ dolları məbləğində bir əməliyyatdır. Bu, indiyədək IsDB tərəfindən Azərbaycan üçün təsdiq edilmiş ən böyük layihələrdən biridir. Biz maliyyələşdirmə barədə sazişin imzalanmasından başlayaraq operativ şəkildə icra mərhələsinə keçmək niyyətindəyik. Yeri gəlmişkən, sazişin gələn ay Bakıda keçiriləcək İllik iclaslar zamanı imzalanması planlaşdırılır.
Layihə Qarabağ regionunda kənd təsərrüfatının bərpasını dəstəkləmək və ərzaq təhlükəsizliyini təmin etmək üçün suvarma infrastrukturunun yaradılmasına yönəlib. Bu, IsDB-nin sözügedən bölgədəki əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına sadiqliyinin mühüm bir siqnalıdır.
- Su infrastrukturu layihələri Azərbaycanın ərzaq təhlükəsizliyinin və iqlim dayanıqlılığının möhkəmləndirilməsində hansı rolu oynayır?
- Su təhlükəsizliyi və iqlim dayanıqlılığı bir-biri ilə möhkəm bağlıdır. Qarabağ suvarma kanalı layihəsindən əvvəl bank, həmçinin "Qız Qalası" su anbarından əsas suvarma kanalının tikintisi layihəsini 96,73 milyon ABŞ dolları məbləğində maliyyələşdirib. Bu barədə saziş 2024-cü ilin noyabrında COP29 çərçivəsində imzalanıb.
Hazırda layihə icra mərhələsindədir və su ehtiyatlarından istifadənin səmərəliliyinin artırılmasına, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə və fermer icmalarının dəstəklənməsinə yönəlib. Hər iki layihə - "Qız Qalası" su anbarından çəkilən kanal və Qarabağ suvarma kanalı - kənd təsərrüfatının inkişafına, əhalinin gəlir mənbələrinin dəstəklənməsinə kömək edir və eyni zamanda iqlim çağırışlarına qarşı dayanıqlılığı artırır.
Xəbər yenilənir

