Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Ermənistanda Türkiyə bayrağının yandırılmasına münasibət bildirib.
"Report"un Türkiyəyə ezam olunan əməkdaşının verdiyi məlumata görə, o, jurnalistlərə açıqlamasında bildirib ki, baş verən hadisə narahatedicidir:
"Bir müddət əvvəl İrəvanda idim, bu mövzunu davamlı müzakirə etdim. Ermənistanın Baş naziri Nikol Paşinyan bunu mənfi qəbul etdi, bilirsiniz. Ermənistan Prezidenti də eyni şəkildə bu məsələni qəbuledilməz adlandırdı. Ermənistan daxilində də hadisəni pisləyənlər, həmçinin buna sevinənlər də oldu".
Xatırladaq ki, aprelin 23-də Ermənistanın paytaxtı İrəvan şəhərində "məşəl yürüşü" zamanı Türkiyə bayrağı yandırılmışdı. Azərbaycan Xarici İşlər Nazirliyi bu hadisəni pisləyən bəyanat yaymışdı.