IMG-LOGO

Serbiya Vahid Avro Ödəniş Məkanına qoşulub

05 May 2026 14:27 2 baxış
IMG

Serbiya Vahid Avro Ödəniş Məkanına (SEPA) qoşulub.

"Report"un Balkan bürosu xəbər verir ki, bu gündən SEPA standartlarının Serbiyada praktiki tətbiqinə başlanılıb.

Yeni rejim hazırda yalnız SEPA kredit köçürməsi üçün qüvvəyə minib.

SEPA birbaşa debet sistemlərinin isə təxminən bir ildən sonra Serbiyada tətbiq ediləcəyi gözlənilir.

Bildirilir ki, bu addım Avropa İttifaqına üzv dövlətləri ilə pul köçürmələri üzrə xərclərin azalmasına səbəb olacaq.

Məlumata görə, SEPA daha sürətli əməliyyatlara imkan yaradır və milli səviyyədə komissiya xərclərində 50–60 milyon avro həcmində qənaət gözlənilir.

Qeyd edək ki, SEPA sistemə daxil olan bütün ölkələrdə avro ilə nağdsız ödənişlərə imkan verir. Buraya Avropa İttifaqının 27 üzv dövləti, eləcə də İslandiya, Norveç, Lixtenşteyn, İsveçrə, Birləşmiş Krallıq, Andora, Monako, San Marino, Vatikan, Albaniya, Monteneqro, Moldova və Şimali Makedoniya daxildir.

Xatırladaq ki, 2025-ci ilin may ayının 23-də Serbiyanın maliyyə naziri Sinişa Mali Serbiyanın SEPA-ya üzv olduğunu və SEPA standartlarının Serbiyada praktiki tətbiqinə 2026-cı ilin mayında başlanması gözlənildiyini açıqlamışdı.

Xəbər lenti