Avropa İttifaqı Ermənistanın energetikasının inkişafına və Qara dəniz vasitəsilə enerji əlaqələrinin genişləndirilməsinə investisiyalar yönəltməyə, həmçinin ölkənin infrastruktur layihələrini dəstəkləməyə hazırdır.
"Report" xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Yerevanda Ermənistan-Aİ sammitinin açılışında bəyan edib.
Onun sözlərinə görə, Avropa təşəbbüsü Global Gateway çərçivəsində Ermənistana artıq 2,5 milyard avro investisiya nəzərdə tutulub. Avropa Komissiyasının rəhbəri vurğulayıb ki, Aİ həmçinin malların ölkənin ərazisi vasitəsilə Avropaya daşınması üçün zəruri fiziki infrastrukturun yaradılmasına kömək etməyə hazırdır.
"Biz yerli energetikanın inkişafına və Qara dəniz vasitəsilə enerji əlaqələrinə investisiya qoymağa hazırıq. Biz həmçinin sizin sürətlə inkişaf edən rəqəmsal sektorunuzu Avropa rəqəmsal bazarına qoşmağa hazırıq", - Ursula fon der Lyayen bəyan edib.
O, həmçinin Azərbaycan və Ermənistan arasında sülh prosesinə toxunub. "Əgər Ukraynadan İrana qədər regiona nəzər salsaq, o, müharibələrdən sarsılıb. Lakin burada, Cənubi Qafqazda, fərqli bir hekayə cərəyan edir. Biz sizi dəstəkləmək istəyirik ki, göstərəsiniz: sülh firavanlıq gətirir", - Avropa Komissiyasının sədri vurğulayıb.