IMG-LOGO

Eka Sepaşvili: Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlər Avroparlamentin yürütdüyü siyasətə layiqli cavabdır

05 May 2026 11:32 4 baxış
IMG

Gürcüstanın "Xalq Gücü" Partiyasının beynəlxalq əlaqələr üzrə katibi Eka Sepaşvili Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Parlamentinə yönəlmiş tənqidi fikirlərinə münasibət bildirərkən Avropanın bəzi strukturlarının Cənubi Qafqaz siyasətinin uğursuz olduğunu bəyan edib.

"Report"un Gürcüstan bürosunun məlumatına görə, Sepaşvili jurnalistlərə açıqlamasında bildirib ki, Gürcüstan və Azərbaycana qarşı beynəlxalq təzyiqlər müşahidə olunur və bu ölkələr Avropa bürokratik dairələrinin formalaşdırdığı siyasi və iqtisadi konyukturaya uyğun gəlmir.

Onun sözlərinə görə, Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlər bəzi Avropa strukturlarının yürütdüyü siyasətə verilən layiqli cavab xarakteri daşıyır.

Sepaşvili Avropa Parlamentinin fəaliyyətini tənqid edərək bildirib ki, qurum etibarını itirib və qlobal güclərin təsiri altına düşərək müəyyən maraq qruplarının gündəminə uyğun qərarlar qəbul edir. Onun fikrincə, bu qərarlar siyasi korrektəlikdən və ya dövlətlərin geniş iqtisadi maraqlarından daha çox dar çərçivəli maraqlara əsaslanır.

Gürcü siyasətçi qeyd edib ki, son illərdə Avropa Parlamenti tərəfindən Azərbaycan və Gürcüstan əleyhinə çoxsaylı qətnamələr qəbul olunub ki, bu da region ölkələrinə qarşı təzyiq aləti kimi qiymətləndirilə bilər.

"Əgər reallığa baxsaq, mənzərə aydındır – bəzi Avropa strukturlarının Cənubi Qafqazdakı siyasəti uğursuz olub. Bu qurumlar demokratik dəyərlərdən danışsalar da, faktiki olaraq dialoq imkanlarını məhdudlaşdırırlar", – deyə Sepaşvili vurğulayıb.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev mayın 4-də İrəvanda keçirilən "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında videobağlantı ilə çıxışında Avropa Parlamentini tənqid edib. Dövlət başçısı bildirib ki, Avropa Parlamenti sülh prosesini dəstəkləmək əvəzinə onu sarsıdır.

Xəbər lenti