ABŞ ilə İran arasında yaranan siyasi böhranın hərbi həlli yoxdur.
"Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "X" sosial şəbəkə hesabında yazıb.
"Hörmüz boğazındakı hadisələr açıq şəkildə göstərir ki, siyasi böhranın hərbi həlli yoxdur", - o bildirib və əlavə edib ki, Pakistanın xoşməramlı səyləri sayəsində danışıqlar irəliləyir:
"ABŞ yenidən bataqlığa sürüklənməkdən ehtiyat etməlidir. Eyni şey BƏƏ-yə (Birləşmiş Ərəb Əmirlikləri) də aiddir".
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də bir sıra şəhərlərə aviazərbələr endirərək İrana qarşı hərbi əməliyyata başlayıblar. Buna cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki Amerika hərbi bazalarına hücum edib.
Aprelin 8-nə keçən gecə İran, ABŞ və onların müttəfiqləri iki həftəlik atəşkəs barədə razılığa gəliblər, daha sonra isə Amerika lideri Donald Tramp onu qeyri-müəyyən müddətə uzadıb. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar baş tutub. Uzun sürən müzakirələrdən sonra tərəflər razılığa gələ bilməyiblər.
Tehrana təzyiq vasitəsi kimi ABŞ İran limanlarının və Hörmüz boğazından keçidin blokadaya alındığını elan edib. Öz növbəsində İran, Hörmüzün Fars körfəzi ölkələrinə gedən gəmilər üçün artıq bağlı olduğunu bildirib. Regiondakı vəziyyət qlobal enerji böhranına səbəb olub.