Gürcüstanda yaşayan azərbaycanlıların uğur hekayələrini əks etdirən "Novella II" bədii-sənədli filminin çəkilişləri yekunlaşıb, hazırda filmin təqdimatına hazırlıq işləri aparılır.
Bu barədə "Report"un Gürcüstan bürosuna açıqlama verən layihə rəhbəri İlkin Hüseynov bildirib ki, təxminən 40 dəqiqəlik ekran işi paytaxt Tbilisi ilə yanaşı, Marneuli, Qardabani və Telavi bələdiyyələrində lentə alınıb.
Filmdə hüquq, tibb, sosial və idman sahələrində fəaliyyət göstərən azərbaycanlı gənclərin həyat hekayələri təqdim olunur. Layihənin əsas məqsədi Gürcüstanda yaşayan azərbaycanlı icmasının uğurlarını, qarşılaşdıqları çətinlikləri və əldə etdikləri nailiyyətləri tamaşaçılara təsirli və motivasiyaedici formada çatdırmaqdır.
Bədii-sənədli film iş adamlarının dəstəyi ilə Aktual Media tərəfindən istehsal olunub və hazırda son montaj mərhələsindədir. Layihə eyni zamanda gənc nəsildə təhsilə marağın artırılmasını və uğurlu azərbaycanlıların gürcü cəmiyyətinə daha yaxından tanıdılmasını hədəfləyir.
Qeyd edək ki, layihənin ilk hissəsi – "Novella I" 2025-ci ildə yayımlanaraq geniş ictimai marağa səbəb olmuşdu. Yeni ekran işinin də həm yerli, həm də beynəlxalq film festivallarında nümayiş etdirilməsi planlaşdırılır.
Filmin Gürcüstanın Imedi TV, Rustavi 2 və digər aparıcı telekanallarında yayımlanacağı gözlənilir.

