İlk dəfə keçirilən Xankəndi-Bakı ultra marafonuna Xankəndi şəhərindən start verilib.
Lent.az APA-ya istinadla xəbər verir ki, Xankəndi şəhərindən "Qürurla irəli" şüarı səsləndirərək start götürən ultra marafonu iştirakçıları 380 km məsafə qət edərək, finişə Bakıda çatacaqlar. 64 nəfərin iştirak etdiyi ultra marafonuna yerli iştirakçılarla yanaşı Türkiyə, Moldova, və Meksikadan 10 nəfərə yaxın iştitakçı qatılıb. Gənclər və İdman Nazirliyinin Azərbaycan Atletika Federasiyası ilə birgə təşkil etdiyi yarış “İdman həftəsi” və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilir. Ultra marafon iştirakçıları Xankəndi-Yevlax (83 km), Yevlax-Ucar (84 km), Ucar-Hacıqabul (88 km), Hacıqabul-Qobustan (70 km) və Qobustan-Bakı (55 km) mərhələlərini keçməklə, martın 4-də Bakıya çatacaqlar.
Hər mərhələnin qalibləri ayrılıqda təltif ediləcəklər. Ultra marafonun ümumi qalibləri isə baş mükafatı qazanacaqlar.
Qeyd edək ki, ilk mərhələ Yevlax rayonunda başa çatacaq və birinci mərhələnin qalibi elan olunacaq.