Britaniya Azərbaycan Cəmiyyətinin rəhbəri və Birləşmiş Krallıqda Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının üzvü Fəridə Pənahovanın təşkilatçılığı ilə Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar məlumatlandırma aksiyası keçirilib.
Bu barədə “Report”a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Xocalı soyqırımına aid foto və şüarları əks etdirən LED ekran quraşdırılmış maşınlar London və Edinburq şəhərlərində yerləşən rəsmi qurumların binalarının qarşısından keçməklə, əhalinin daha sıx olduğu mərkəzi küçələr boyunca hərəkət edib.
Artıq bir neçə ildir Xocalı soyqırımı ərəfəsində Böyük Britaniyanın müxtəlif şəhərlərində təşkil olunan məlumatlandırma aksiyasının məqsədi yerli sakinlərin diqqətini Xocalı həqiqətlərinə çəkməkdir.
Qeyd edək ki, Xocalı faciəsi qurbanlarının xatirəsi hər il olduğu kimi bu il də dünyanın müxtəlif ölkələrində ehtiramla yad edilir. “Xocalıya Ədalət” təbliğat və təşviqat kampaniyası çərçivəsində diaspor təşkilatları tərəfindən Xocalı həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırmaq, erməni işğalçılarının mənfur əməllərini beynəlxalq müstəvidə tanıtmaq məqsədilə müxtəlif səpkili tədbirlər həyata keçirilir.
Bizim WhatsApp kanalımıza abunə olun