Gürcüstanda Azərbaycanlı Müəllimlər İttifaqının təşəbbüs və təşkiltaçılığı ilə Qardabani rayonunun Muğanlı kəndində Xocalı soyqırımının 32-ci ildönümünə həsr edilmiş anım tədbir keçirilib.
“Report”un yerli bürosu xəbər verir ki, tədbirdə ittifaqın Marneuli və Qardabanidan olan idarə heyətinin üzvləri, eləcə də digər müəllimlər, gənclər və məktəblilər iştirak ediblər.
Tədbirə Xocalıda həlak olan dinc sakinlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb. Sonra çıxış edən ittifaqın idarə heyətinin üzvü, Marneuli rayonu 1 saylı Təzəkənd ictimai məktəbinin müəllimi Adilə Alıqızı Xocalı faciəsi ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib.
O, bu cür hadisələrin Gürcüstanın Abxaziya bölgəsində də dinc insanlara qarşı törədildiyini diqqətə çatdırıb. İttifaqın idarə heyətinin üzvü, Qardabani rayonu Muğanlı ictimai məktəbinin direktoru Dilarə Abazova öz çıxışında Xocalı soyqırımının insanlığa qarşı törədilmiş cinayət olduğunu vurğulayıb.
Onu da bildirək ki, tədbir zamanı məktəblilər və gənclər Xocalı faciəsinə həsr edilmiş müxtəlif şerlər səsləndiriblər
Bizim Telegram kanalımıza abunə olun