IMG-LOGO

Enerji təhlükəsizliyinə Azərbaycanın töhfəsi yalnız öz sərhədilə məhdudlaşmır - RƏY

03 Mar 2026 17:59 7 baxış
IMG

Cənub Qaz Dəhlizi Məşvərət Şurasının hər il ənənəvi olaraq keçirilən iclasları Azərbaycanın bu sahədə qazandığı uğurlara baxış əsasında qarşıdakı dövrün prioritetlərinin müəyyənləşdirilməsində öz sözünü deyir.

Bunu "Report"a Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib.

O qeyd edib ki, dünyanın enerji gündəliyinin mütəmadi olaraq Azərbaycanda müzakirə edilməsi ölkəmizin malik olduğu təcrübənin, qazandığı uğurların göstəricisidir:

"Avropa İttifaqı Azərbaycanı etibarlı tərəfdaş və pan-Avropa qaz təchizatçısı adlandırır. Prezident İlham Əliyev çıxışında bildirdi ki, Avropa enerji bazarında səylərimizlə bağlı məsələlərə gəlincə, bu yaxınlarda Türkiyədə ən böyük elektrik stansiyalarından birini əldə etmişik".

Deputat vurğulayıb ki, enerji təhlükəsizliyinə Azərbaycanın töhfəsi yalnız öz sərhədilə, Cənub Qaz Dəhlizi ilə məhdudlaşmır:

"Həmçinin mühüm nailiyyətlər, amillər arasında İtaliyada ümumi emal qabiliyyəti 10 milyon ton olan 2 neftayırma müəssisəsinin əldə olunması var. Əgər Egey dənizinin Türkiyə sahillərində artıq sahib olduğumuz 12 milyon tonluq neftayırma müəssisəsini də əlavə etsək, ümumilikdə Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialımız olacaq ki, bu da öz növbəsində neft məhsullarının davamlı təchizatını təmin etməyə kömək edəcək".

Vüqar Rəhimzadə bildirib ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında "Hər zaman olduğu kimi, biz Məşvərət Şurasının illik iclasında ötən iclasdan bəri görülmüş işləri nəzərdən keçirir, enerji təhlükəsizliyi və dayanıqlı enerji təchizatı sahələrində əməkdaşlığımızın və tərəfdaşlığımızın gücləndirilməsi ilə bağlı gələcək birgə addımlarımızı planlaşdırırıq" söyləyən dövlət başçısı İlham Əliyev onu da vurğulayıb ki, bu təşəbbüsün davamlılığını nümayiş etdirməsindən artıq on ildən çox vaxt keçir və 12 il əvvəl bu təşəbbüsə başladığımız dövrlə müqayisədə məhz birlikdə toplaşmağın və enerji təhlükəsizliyinə dair mühüm məsələləri müzakirə yolu ilə həll etməyin nə dərəcədə vacib olduğunu indi daha aydın şəkildə anlayırıq.

Milli Məclisin üzvü qeyd edib ki, bərpaolunan enerji layihələri ilə yanaşı, müasir və səmərəli stansiyaların açılışı enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, enerji ixrac imkanlarının genişləndirilməsinə, ətraf mühitin mühafizəsinə və regionda iqtisadi əməkdaşlığın güclənməsinə xidmət edir:

"Azərbaycanın yaşıl enerji konsepsiyası və dayanıqlı enerji siyasəti belə kompleks yanaşmalar sayəsində gələcəkdə də regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamağa davam edəcək".

Xəbər lenti