IMG-LOGO

Dağılan Paşinyan-Akopyan ittifaqı – Ermənistanda seçkiqabağı sürpriz - ŞƏRH

03 Mar 2026 15:54 3 baxış
IMG

Ermənistanda Baş nazir Nikol Paşinyanla Eçmiədzin kilsəsinin münaqişəsində vurğulanan məsələlərdən biri də ailə-məişət problemi idi.

Kilsə hökumət başçısını xanımı (artıq keçmiş) Anna Akopyanla rəsmi nikahının olmamasında ittiham edirdi.

Son zamanlar Ermənistan cəmiyyəti onların nikahı rəsmiləşdirəcəklərinə dair xəbəri gözlədikləri halda əks hadisə baş verdi. Anna Akopyan sosial şəbəkədə Nikol Paşinyanla nikahının pozulduğunu açıqladı. Onların rəsmi dövlət nikahı olmadığı üçün ayrıldıqlarını bildirərək fevralın 25-də hökumət iqamətgahını tərk edib.

A.Akopyan "Mənim addımım" Xeyriyyə Fondunun direktoru kimi ictimai fəaliyyətlə də məşğul olub. Baş nazirin keçmiş həyat yoldaşı dedi-qoduların yaranmaması üçün bir sıra faktlara diqqət çəkib. "Birincisi, evim yoxdur. Kreditlə alınmış ev hələ tikilməkdədir, ona görə kirayə mənzilə köçürəm", - deyə vurğulayıb. O, milyonçu olmasına, ofşor zonalarda, qalalarda və başqa yerlərdə hesablarının olduğuna dair deyilənləri təkzib edib, hesabında yalnız öz evinin satışından əldə olunan vəsait olduğunu söyləməyi zəruri sayıb. Bundan başqa, o, bank kartında "Mənim addımım" fondunun maaşından və gəlir vergisinin qaytarılmasından yığılmış pullar olduğunu deyib. Akopyan bu məbləğin yaşaması üçün kifayət etdiyini də qeyd edib.

O, həmçinin şəxsi maşınının olmadığını bildirib. Daha sonra deyib: "Təbii ki, dövlət mühafizəm olmayacaq. Ona görə əgər məni İrəvanın küçələrində tək gəzərkən görsəniz, xahiş edirəm, təəccüblənməyin və məni təhqir etməyin, çünki son 8 ildə artıq kifayət qədər təhqir eşitmişəm".

Nəhayət, A.Akopyan "Mənim addımım" fondunda icraçı direktor kimi işləməyə davam etmək istəyini gizlətməyib: "Çünki bu, mənə həqiqətən lazım olan ödənişli işdir. Amma düşünürəm ki, bunun üçün təkcə mənim istəyim yetərli deyil. Üstəlik, dünənki Antikorrupsiya Komitəsi ilə jurnalist arasındakı sual-cavab sessiyasına əsasən, "Mənim addımım" fondunun icraçı direktoru kimi cinayət məsuliyyətinə cəlb olunmağım istisna deyil".

Anna daha sonra dövlət hədiyyələrini - zinət əşyaları, mərasim hədiyyələri, bütün bəxşişləri dövlətə təhvil verib. O qeyd edib ki, bunlar artıq korrupsiya təhlükəsi yaratmır: "Bunlar təxminən 7 ay əvvəl mənə verilib. Bəzilərini taxmışam, bəzilərini heç taxmamışam. Təbii ki, bütün bu hədiyyələri, zinət əşyalarını və məncə, kifayət qədər bahalı olan bu geyimləri dövlətə təhvil verirəm".

O, cəmiyyəti məyus etdiyi və ya kədərləndirdiyi üçün üzr istəyib.

Nikol Paşinyan isə Anna Akopyanın qərarına hörmət etdiyini vurğulayaraq bildirib: "Son 30 ilin bütün çətin günlərində o, yanımda idi, sığınacağım və dayağım idi. Mən də onun üçün eyni olduğuma əmin deyiləm. Ola bilsin ki, ona daha çox acı vermişəm, bunun üçün üzr istəyirəm".

Onların açıqlamalarına baxmayaraq, media ictimai maraqları nəzərə alaraq araşdırmalar aparıb. "Hraparak" bu ayrılığı "Hakimiyyət uğrunda mübarizə" adlandırıb. Bildirilib ki, müəyyən zamanda Anna daha böyük hakimiyyətə sahib idi və Paşinyanın bundan xoşu gəlmirdi. Qəzet hadisə ilə bağlı çoxsaylı fərziyyələr dolaşdığını qeyd edərək yazıb: "2019-20-ci illərdə onların münasibətləri müəyyən bir anda xeyli pisləşdi. Təxminən bir il və ya daha çox müddət ərzində birlikdə yaşamadılar. Ancaq bu böhran birgə səylərlə aradan qaldırıldı. 2025-ci ilin ortalarında vəziyyət yenidən pisləşdi".

Bildirilib ki, Anna Akopyanın Çində oxumaq istəyi bu böhrana səbəb olub: "Onun Çinə oxumağa getməsi nikahı xilas etmədi. Arvadın uzun müddət ərinin yanında olmaması da gərgin münasibətlərdən xəbər verir".

Qəzetin yazdığına görə, onlar hər şeyin qaydasında olduğunu dəfələrlə göstərməyə cəhd ediblər. 2025-ci ilin sonuna doğru tərəflər arasında münaqişə kəskinləşib. İddia olunub ki, son 3 ayda, bəzi şayiələrə görə, Paşinyan Anna Akopyanı hökumətin Sevandakı yay iqamətgahına "sürgün edib" və ona qadağalar qoyub.

Ermənistan mediası, cəmiyyəti bu ayrılıqla bağlı çoxsaylı versiyalar irəli sürür və gələcəkdə də araşdırılacağı istisna olunmur. Çünki ölkədəki nüfuzlu şəxslər sıradan bir vətəndaş deyil. Cəmiyyət bir sıra hallarda onları örnək sayır. Belə hallar şəxsi həyata nüfuz sayılsa belə, ictimaiyyətin müəyyən mənada məyusluğuna səbəb olur, ailə dəyərlərinin qorumasına ziyan verir.

Ona görə bu məsələyə bir az da siyasi cəhətdən yanaşaq.

Məlumata görə, Paşinyanın Akopyanla rəsmi dövlət nikahına girməməkdə məqsədi müxalifətdə olduğu dövrdə tutulacağı halda mal-mülkünü xilas etmək imiş. O bunu uşaqlarının evsiz qalmamaları ilə əlaqələndirmişdi.

Keçmiş həyat yoldaşı Antikorrupsiya Komitəsinin onu həbs edə biləcəyi ehtimalını irəli sürüb. Belə qənaətə gəlmək olar ki, "Mənim addımım" Xeyriyyə Fondunun maliyyə və başqa istiqamətdə fəaliyyəti araşdırıla bilər. Bu isə qısa müddətə də olsa, Anna Akopyanın həbsi ilə nəticələnər.

Burada iki məqam ola bilər:

- Paşinyan Akopyanın onun üzərindəki nüfuzundan xilas olmaq üçün keçmiş həyat yoldaşını həbs etdirir, onu təcrid etməklə zərərsizləşdirir;

- Anna Akopyan həbs edilir, bundan Paşinyanın partiyasının uğur əldə etməsinə maneə yaradılır. Nəticədə cəmiyyətdə ona qarşı təbliğat aparılır.

Ona görə, ehtimal etmək olar ki, seçkiqabağı dövrdə Paşinyanın apardığı təşviqat kampaniyasına zərər vurulmaması, bu və başqa halların baş verməməsi üçün ayrılığa üstünük verilir. Çünki baş nazir müxalifət olduğu zaman xanımı ilə nikahı rəsmiləşdirməməsi kimi bir uğurlu örnək yaşayıb. Odur ki, Paşinyan keçmiş həyat yoldaşının seçkiqabağı kampaniyada fəaliyyətinə mane olmaması üçün onu sıradan çıxarır. Yaxud, onlar bu evliliyi sonradan davam etmək üçün müvəqqəti dondururlar...

Deməli, məsələ adi məişət hadisəsi deyil. Bu, daha çox siyasi vəziyyətə dair məqamları özündə ehtiva edir. Çünki birgəyaşayış seçki kimi vacib siyasi kampaniyaya ayrılıqdan daha çox zərbə vurur. Ona görə tərəflər ikinciyə üstünlük veriblər.

Bu hadisə Nikol Paşinyanın 2026-cı ilin yayından keçirilməsi nəzərdə tutulan parlament seçkilərinə hazırlığa ailəsindən başladığını göstərir. O, hər həftə respublikanın müxtəlif rayonlarına səfər edərək prosesi uğurla başa çatdırmağa çalışır. Yəni Nikol Paşinyan məqsədə çatmaq üçün bütün maneələri ya aradan qaldırır, ya da dondurur.

Ermənistan mediasının yazdığına əsasən, baş nazir komandasına rayonlara səfər zamanı təbliğat-təşviqat kampaniyası çərçivəsində kilsə ilə bağlı məsələyə toxunmağı qadağan edib. "Mənimlə razılaşdırmadan kilsə mövzusunu qaldırmayın", - deyə o tapşırıq verib. Bu gözlənilməz tapşırığın nə ilə bağlı olduğu, qadağanın nə qədər davam edəcəyi bilinmir.

Belə ehtimal etmək olar ki, o bununla II Qaregin tərəfdarlarını özünə qarşı qoymaqdan yayınmağa çalışır. Akopyandan ayrılmaq, kilsə ilə bağlı danışığın qadağası və başqa bu kimi hadisələr Nikol Paşinyanın nüfuzunun qaldırılmasına xidmət edir.

Ermənistan mediasının yazdığına görə, 2026-cı ilin iyununda keçiriləcək parlament seçkiləri ərəfəsində ABŞ-nin Beynəlxalq Respublikaçılar İnstitutunun (IRI) sifarişi il Ermənistanda sosioloji araşdırma aparılıb. Bildirilib ki, onun nəticələri Nikol Paşinyana görə uğursuz olduğu üçün mediada yayılmayıb.

Bildirilib ki, nəticəyə əsasən, Nikol Paşinyana etimad "fəlakətli şəkildə düşüb". İnformasiyaya əsasən, son bir ildə müxtəlif seçkiqabağı kampaniyalara baxmayaraq, onun reytinqi, demək olar ki, artmayıb.

Bu sorğu bülletenlərində keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarqsyanın adları qeyd olunmayıb. Belə vəziyyətdə də respondenlərin böyük əksəriyyəti istənilən şəraitdə fəaliyyətdə olan baş nazirə səs verməkdən imtina ediblər.

Bildirilib ki, məsələ aydınlaşanadək sorğunun nəticələrini dərc etməmək barədə qərara gəlinib.

Seçki günü yaxınlaşdıqca Ermənistanda siyasi etirazların artacağı istisna olunmur. Odur ki, Anna Akopyan olayından sonra Nikol Paşiyan və komandası, eləcə də daha çox rusiyayönlü müxalifətə dair yeni-yeni sürprizlərin olacağı gözləniləndir.

Xəbər lenti