IMG-LOGO

Qazaxıstan XİN vətəndaşlarının təxliyəsində göstərdiyi köməyə görə Azərbaycana təşəkkür edib

02 Mar 2026 23:25 4 baxış
IMG

Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayev Azərbaycan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın xarici siyasət idarələrinin rəhbərləri ilə telefon danışığı aparıb.

"Report"un Qazaxıstan bürosunun XİN-ə istinadən verdiyi məlumata görə, tərəflər Yaxın Şərqdə mövcud hərbi-siyasi vəziyyəti müzakirə edib və böhran şəraitində fəaliyyətlərin sıx koordinasiyasının zəruriliyini vurğulayıblar.

Qazaxıstan XİN başçısı qazaxıstanlıların İrandan təxliyəsi ilə bağlı məsələlərdə göstərdiyi konstruktiv əməkdaşlığa və yardıma görə Azərbaycana minnətdarlığını bildirib.

Həmsöhbətlər münaqişələrin müstəsna olaraq siyasi-diplomatik üsullarla həllinə, beynəlxalq hüquq normalarına riayət olunmasına, habelə regional təhlükəsizlik, sülh və sabitliyin təmin edilməsi maraqları naminə səylərin birləşdirilməsinə sadiqliklərini təsdiqləyiblər.

Danışıqların yekunu olaraq tərəflər koordinasiyanı davam etdirməyə, zərurət yarandıqda vətəndaşların mümkün təxliyəsinin təşkilində dəstək göstərməyə və XİN xətti ilə daimi işçi təmasları saxlamağa hazır olduqlarını bəyan ediblər.

Həmçinin qeyd olunub ki, Yaxın Şərqdə gərginliyin artması fonunda Qazaxıstan XİN və ölkənin xaricdəki diplomatik nümayəndəlikləri gücləndirilmiş iş rejiminə keçib. Xüsusilə operativ reaksiya vermək və konsulluq-hüquqi yardım göstərmək üçün hava limanlarına çıxışlar həyata keçirilir.

Bir sıra ölkələrin hava məkanının bağlanması ilə əlaqədar Qazaxıstanın diplomatik nümayəndəlikləri turizm şirkətləri ilə birlikdə vətəndaşların hotellərdə müvəqqəti yerləşdirilməsini təmin edir.

Nazirlik həmçinin vurğulayıb ki, təxliyə reyslərinin təşkili imkanları nəzərdən keçirilir və bu zaman üstünlük yaşlılara, qadınlara və uşaqlara veriləcək.

Qeyd edək ki, daha əvvəl Tehrandan 50 Qazaxıstan vətəndaşının çıxarılması təşkil edilib.

XİN-in məlumatına görə, hazırkı ana qədər xəsarət alan Qazaxıstan vətəndaşları barədə məlumat daxil olmayıb. Gərginlik zonasında ən çox qazaxıstanlı BƏƏ-də (təxminən 3,5 min nəfər), Səudiyyə Ərəbistanında (təxminən 3 min) və Qətərdə (təxminən 1,5 min) yerləşir. İranda 82, Bəhreyndə 168, Küveyt və İordaniyanın hər birində 134, İsraildə isə təxminən 100 Qazaxıstan vətəndaşı var.

Xəbər lenti