Tehran öz ərazilərini və əhalisini qorumaq üçün bütün mövcud resurslardan istifadə etmək niyyətindədir.
"Report" xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini Məcid Taxt-Ravançi CNN-ə müsahibəsində deyib.
ABŞ Prezidenti Donald Trampın bir aydan çox davam edə biləcəyini dediyi zərbələrə İranın neçə müddət tab gətirəcəyi barədə suala cavab verən diplomat respublikanın qətiyyətini vurğulayıb.
"Biz imkanlarımız daxilində özümüzü müdafiə edəcəyik və demək istəyirəm ki, zamanın həlledici əhəmiyyəti yoxdur. Biz nəyin bahasına olursa-olsun, suverenliyimizin və xalqımızın müdafiəsi üçün lazım olan hər şeyi edəcəyik", - Taxt-Rəvançi bəyan edib.
Daha əvvəl Tramp ABŞ Quru Qoşunlarının İrana yeridilməsi ehtimalını istisna etmədiyini bildirib. Bununla yanaşı, "Bloomberg"in məlumatına görə, ABŞ-nin Yaxın Şərqdəki müttəfiqləri Ağ Ev rəhbərini İrana qarşı əməliyyatı uzunmüddətli etməməyə inandırmağa çalışır.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən on dörd hərbi bazasına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.