İllinoys qubernatoru Cey Robert Pritsker ABŞ Ali Məhkəməsinin ticarət rüsumlarının qeyri-qanuni olduğu barədə qərarı ilə əlaqədar Amerika administrasiyasından ştat sakinlərinə dəymiş təxminən 8,7 milyard dollar məbləğində maliyyə itkisinin kompensasiyasını tələb edib.
"Report" xəbər verir ki, bu barədə məlumatı qubernatorun ABŞ Prezidenti Donald Trampa ünvanladığı məktubun fotosunu dərc edən yerli KİV-lər yayıb.
"Sizin tətbiq etdiyiniz rüsumlar fermerlərə böyük ziyan vurub, müttəfiqlərimizi qəzəbləndirib və ərzaq məhsullarının qiymətlərinin kəskin artmasına səbəb olub. Ali Məhkəmə sizə həmin rüsumların konstitusiyaya zidd olduğu barədə xəbərdarlıq edib. İllinoys sakinləri adından tələb edirəm ki, ştatın hər bir ailəsinə 1,7 min dollar geri qaytarılsın. Mənim ştatımda 5 105 448 ev təsərrüfatı var, bu isə o deməkdir ki, siz 8 679 261 600 dollar məbləğində zərəri ödəməlisiniz", – deyə sənəddə bildirilir.
ABŞ Ali Məhkəməsi cümə günü prezident administrasiyasının beynəlxalq fövqəladə hallar zamanı iqtisadi səlahiyyətlər haqqında qanunu bəhanə gətirərək digər ölkələrə qarşı idxal rüsumları tətbiq etməsini səlahiyyətlərin aşılması kimi tanıyıb. Eyni zamanda, Ali Məhkəmə instansiyası ABŞ-nin daha əvvəl rüsum şəklində ödənilmiş vəsaitləri geri qaytarıb-qaytarmamalı olduğuna aydınlıq gətirməyib.